YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqının əzmi və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu

Füzuli Abdullayev

YAP Ağsu rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı.

Dövlət başçısı hər zaman mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edib.

Azərbaycanın milli maraqlarını hər zaman uca tutan, Prezident İlham Əliyevin prinsipial mövqeyi hərb, diplomatiya meydanında olduğu kimi, informasiya savaşında da uğurlarımızı şərtləndirirdi və tarixi Qələbəmizin əsası qoyuldu. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi biz döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də Qələbə qazandıq.

Azərbaycan Prezidentinin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncama əsasən noyabrın 8-i bayram günləri sırasına daxil edildi və hər il Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Prezidentin Sərəncamında vurğulanır ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

2021-ci il yanvarın 14-də Şuşaya səfər edən Azərbaycan Prezidenti İlham Əliyev son dəfə 39 il bundan əvvəl ümummilli lider Heydər Əliyevin şəhərə tarixi və unudulmaz səfəri zamanı gəldiyini diqqətə çatdıraraq bildirdi ki, qəhrəman Azərbaycan Ordusu mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır: “Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik”.

Ermənistanda revanş haqqında düşünənlər 44 günlük Vətən Müharibəsini unutmasınlar. Dövlətimizin başçısı birmənalı olaraq bildirib ki, Azərbaycanın işi haqq işidir və Qarabağ Azərbaycandır!