YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Soçi görüşü-növbəti uğur

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

Oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş regionda sülhün təmin edilməsi baxımından əhəmiyyətlidir. Ermənistan indiyədək qeyri-konstruktivlik nümayiş etdirsə də, Azərbaycan sülh prosesinə sadiqdir.  

Qeyd edək ki, Soçi görüşü Rusiya Prezidentinin Ermənistan baş naziri Nikol Paşinyanla təkbətək görüşü ilə başladı. Ermənistan baş naziri kiçik kağız parçalarına yazılmış nitqini çətinliklə oxuyub başa çatdırması, onun hansı əhval-ruhiyyədə olduğunun göstəricisi idi. O, Vladimir Putinin çətirinin altına sığınsa da, görüşdə istədiyi nəticəni ala bilmədi.

Daha sonra Rusiya Prezidenti Vladimir Putin Azərbaycan dövlətinin başçısı İlham Əliyev ilə təkbətək görüş keçirdi. Azərbaycan Prezidenti xatırlatdı ki, bu görüş regional məsələlərə həsr edilib, iki il əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoyub və indi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtıdır. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür. “Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Üçtərəfli görüşün yekunlarına dair imzalanmış Bəyanat da elə Azərbaycan tərəfinin irəli sürdüyü 5 prinsipi və Qarabağ münaqişəsinin tarixdə qalmasını əks etdirdi. Ermənistanda bəzilərinin, eləcə də Rusiyadakı erməni diasporunun bəzi nümayəndələrinin ümidləri yenidən puça çıxdı.Birgə Bəyanatın mətnində Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi üçün bütün razılaşmalara dönmədən riayət edilməsi vurğulanır.

Ümumiyyətlə, Soçi bəyanatı Azərbaycanın maraqlarına cavab verir. Praqa bəyanatında olduğu kimi bu bəyanatda da BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə əsasən bir-birinin ərazi bütövlüyü və suverenliyi amilinə istinad edilir. Xüsusilə, regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın vacibliyi vurğulanıb.

DİGƏR Xəbərlər Arxiv