YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

8 Noyabr-Zəfər Günü” - Şanlı tariximiz!

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Tariximizin demək olar ki, bütün mərhələlərində Azərbaycan torpaqları işğala və parçalanmaya məruz qalmışdır.  Bu hadisələrdən biri də 1990-cı illərin əvvəlində erməni təcavüzkarlarının işğalına məruz qalan doğma Azərbaycan torpaqlarında 20 minədək vətəndaşımız həlak olması və ermənilər tərəfindən vandalizm siyasətinin aparılması məsələsidir.  Bununla yanaşı 20 % torpağımız işğal altına, ümumilikdə həmin dövrlərdə cərəyan edən hadisələrlə əlaqədar bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğalçı dövlət olan Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirmədi, ATƏT-in Minsk Qrupuna daxil olan dövlətlər də ona ya təsir göstərmək istəmədilər, ya da təsir edə bilmədilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasəti münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqların davam etdirilməsinə yönəldilirdi. Lakin Ermənistan mövcud status-kvonu saxlamaq niyyəti ilə danışıqlardan yayınırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qətiyyətlə bildirirdi ki, Ermənistan danışıqlardan yayınarsa, münaqişəni güc yolu ilə Azərbaycan Ordusu həll edəcəkdir. Bu, dövlətə, dövlətçiliyə sədaqət kimi ordunun qüdrətinə də inam bəyanatı idi. İşğalçı dövlət bu ciddi bəyanatdan nəticə çıxarmadı. 2016-cı il Aprel döyüşlərdə Ermənistana sarsıdıcı zərəbələr vurulsa da, düşmən bu məğlubiyətdən dərs çıxarmadı. Buna baxmayaraq 2020-ci ilin iyul ayında yenidən mənfur siyasətə əl atan və Tovuz istiqamətində atəşkəsi pozan düşmənin təxribatına layiqincə cavab verildi. 2020-ci ilin 27 sentyabr tarixi isə düşmənin növbəti təxribatına cavab olaraq, cəmi 44 gün davam edib, böyük Zəfərlə bitən haqq savaşımızın-Vətən müharibəsinin başlanması tarixi-Şanlı tariximizin başlanığıcı olmuşdur. Tarixi 44 gün ərzində Azərbaycan Ordusu döyüşə-döyüşə irəliləyir, mühüm strateji yüksəklikləri, yaşayış məntəqələrini düşməndən azad edirdi. Xalq inanırdı ki, bu döyüşlər işğalı sonlandıracaq. Həqiqətən də qazandığımız möhtəşəm Qələbə Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə həkk olundu. Qürurla söyləyirik ki, Ermənistanın hərbi müdaxiləsinə cavab olaraq antiterror əməliyyatları kimi başlanan və Azərbaycanın böyük zəfəri ilə başa çatan 44 günlük Vətən Müharibəsində Qarabağ və ətraf ərazilərdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Vətən müharibəsi günlərində xalqa müraciətlərində Ölkə Prezidenti, Partiyamızın Sədri cənab İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin düşməni dəfələrlə üstələyən hərbi hazırlığı, döyüş texnikası bacarığı, qələbə əzmi və ruh yüksəkliyini xüsusi ilə qeyd edirdi: "Çünki biz öz torpaqlarımızı azad edirik. Ermənistanın əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil”.

2020-ci ilin 8 noyabr tarixində əzəli yurdumuz olan Şuşa şəhəri erməni işğalından azad edildi və Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi və bütün azərbaycanlıların doğma, müqəddəs yurd yeri olan Şuşanın azadlıq günü - 8 Noyabr Zəfər Günü elan edildi.

Təkcə Ermənistan rəhbərliyinə və ordusuna deyil, Vətən müharibəsində Azərbaycan öz gücünü, öz qüdrətini bütün dünyaya göstərdi. Ermənistanın imzaladığı kapitulyasiya aktı məğlubiyyətin sübutudur. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə uğurla başa vurdu. Bugün Partiyamızın Sədri, dövlətimizin başçısı cənab İlham Əliyevin xüsusi göstərişi ilə işğaldan azad olunan ərazilərimizdə sürətli bərpa-quruculuq işləri həyata keçirilir. Çevik və dinamik şəkildə icra olunan layihələr, genişmiqiyaslı işlər “Böyük Qayıdış”ın başlanığıcıdır. Bütün proseslər onu göstərir ki, yaxın gələcəkdə azad olunan doğma ərazilərdə vətəndaşlarımız əbədi olaraq təhlükəsiz şəraitdə yaşayacaqdır!