YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Soçidə imzalanmış bəyanatın bütün bəndləri Azərbaycanın mövqeyini tam ifadə edir

Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşdə dövlətimizin başçısı növbəti uğura imza atdı. Üçtərəfli görüşdə qəbul edilmiş sənəddə “Qarabağ” kəlməsi belə qeyd edilmədi.

Bunu Milli Məclisin deputatı, professor Kamilə Əliyeva söyləyib.

Deputat bildirib ki, Soçiyə böyük ümidlərlə gələn Paşinyan növbəti dəfə məğlubiyyətə düçar oldu. Ümumiyyətlə, Soçi şəhərində 2020-ci ilin noyabr və 2021-ci ilin yanvar aylarında imzalanmış üçtərəfli bəyanatların icrası ətrafında müzakirələr aparıldı və münasibətlərin normallaşdırılması üçün əlavə təkliflər müzakirə edildi. Üçtərəfli görüşdən əvvəl Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını və bu münaqişənin iki il bundan əvvəl başa çatdığını xüsusi vurğuladı. Danışıqlar ancaq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində aparıla bilər. Bununla da Prezident İlham Əliyev qətiyyətli şəkildə Azərbaycanın mövqeyini bildirdi.

“Azərbaycan Prezidenti dəfələrlə Qarabağ münaqişəsinin artıq həll olunduğunu və bu məsələ ilə bağlı heç bir vasitəçiyə ehtiyac olmadığını qeyd edib. Soçidə qəbul olunmuş bəyanatda Azərbaycanın dövlət və milli maraqlarını müdafiə edən bir sıra məsələlər öz həllini tapmış oldu. Belə ki, Azərbaycanın ərazi bütövlüyü təsdiqləndi, Qarabağ və orada yaşayan ermənilərin statusundan bəhs edilmədi. Eləcə də Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanması Prezident İlham Əliyevin irəli sürdüyü 5 əsas baza prinsipi əsasında formalaşdırılacaq. Üçtərəfli görüşün nəticəsi olaraq imzalanmış bəyanatın bütün bəndləri Azərbaycanın mövqeyini tam ifadə edir. Müharibə başa çatdıqdan sonra Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, Cənubi Qafqazın iqtisadi cəhətdən inkişaf etməsi üçün birgə əməkdaşlığa çağırış etmişdir. Azərbaycan iki dövlət arasında bütün kommunikasiya xətlərinin açılması təklifini irəli sürmüş, Ermənistan sülh müqaviləsini imzalayacağı, səmimi qonşuluq münasibətlərini yaradacağı, qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürməyəcəyi təqdirdə bu ölkə Azərbaycanın müəllifi və iştirakçısı olduğu bütün beynəlxalq, iqtisadi layihələrə cəlb oluna bilər. Bu Ermənistan iqtisadiyyatının dirçəlməsinə, vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə səbəb olar”, - deyə K.Əliyeva diqqətə çatdırıb.

Deputat bildirib ki, humanitar sahədə də Azərbaycanın gördüyü işlər dünya ölkələri tərəfindən rəğbətlə qarşılanır. Müharibə zamanı əsir düşmüş onlarla erməni hərbçisinə tibbi yardım göstərilmiş və onlar Ermənistan tərəfinə təhvil verilib. Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik nümayiş etdirir. Azərbaycanın irəli sürdüyü 5 baza prinsipinin əsasını BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq hər iki ölkənin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması təşkil edir.

Ölkəmizin iki dövlət arasında sülh müqaviləsinin imzalanmasına hər zaman hazır olduğunu vurğulayan K.Əliyeva qeyd edib: “Ölkəmiz Ermənistanla münasibətlərin normallaşmasına xidmət edəcək Rusiyanın vasitəçiliyini qəbul edir. Eyni zamanda, Azərbaycan sülhün yaradılmasına xidmət edəcək hər iki dövlətin ictimaiyyət nümayəndələrinin, din xadimlərinin və parlamentlərarası əlaqələrin yaradılmasına tərəfdardır. Ermənistan tərəfi də bu prinsiplərə əməl edərsə, iki dövlət arasında sülh sazışınin imzalanması üçün heç bir problem qalmaz”, - deyə Kamilə Əliyeva vurğulayıb.