YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk dünyasının Zəfəri

Noyabrın 3-də İstanbulda Azərbaycanın şanlı Qarabağ Zəfərinin ikinci ildönümü münasibətilə “Bir millət, iki dövlət” şüarı altında tədbir keçirilib.

Bayram tədbiri ölkəmizin İstanbuldakı Baş konsulluğu və İstanbulun Tuzla Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəl iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva, Tuzla Bələdiyyəsinin sədri Sadi Yazıcı Azərbaycanın qazandığı Qələbənin 30 illik həsrətə son qoyduğunu bildirib, böyük Zəfərin türk dünyası üçün müstəsna əhəmiyyətindən söz açıblar.

Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin siyasi bacarığı, Azərbaycan Ordusunun gücü nəticəsində əldə edilən Qələbəni bütün türk dünyasının Zəfəri adlandıran çıxışçılar Azərbaycanın əzəli torpaqlarının geri qaytarılmasında Türkiyənin dəstəyini xüsusi vurğulayıblar.

Bildirilib ki, Azərbaycanın tarixi ədaləti bərpa edərək əldə etdiyi şanlı Zəfər bütün türk dünyasının qürur qaynağına çevrilib.

Tədbirdə Türkiyənin, eləcə də ölkəmizin Türkiyədə fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Mərasim əsnasında Azərbaycanın şanlı Qarabağ Zəfərinə gedən yolu, Azərbaycan və Türkiyə qardaşlığını özündə əks etdirən “Bir millət, Bir Zəfər” adlı fotosərgi açılıb.

Tədbir “Zəfər” konsert proqramı ilə davam etdirilib.

Konsertdə Azərbaycan və Türkiyə musiqiləri, eləcə də rəqslərindən nümunələr ifa olunub.