YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən Müharibəsində əldə olunan qələbə beynəlxalq arenada yeni reallıq yaradıb

Varis Rüstəmov

YAP Sabirabad rayon təşkilatının sədri

Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilib. Ərəb Dövlətləri Liqasının üzvü olan 22 dövlətin rəhbərlərindən başqa yalnız Azərbaycan və Seneqal prezidentlərinin, eləcə də Birləşmiş Millətlər Təşkilatının və İslam Əməkdaşlıq Təşkilatının Baş katiblərinin fəxri qonaq qismində zirvə görüşünə dəvət olunması Prezident İlham Əliyevin beynəlxalq arenada, o cümlədən İslam dünyasında yüksək nüfuzunu bir daha sübut edir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev öz çıxışında bildirib ki, “Biz Ərəb Dövlətləri Liqasının üzv dövlətlərindən olan qardaşlarımızdan yenə həmrəylik görürük, beynəlxalq təsisatlarda dəstək görürük və buna görə çox minnətdarıq”

Azərbaycan istər bütövlükdə böyük dünya siyasətində, istərsə də ərəb ölkələri ilə regional ikitərəfli və çoxtərəfli münasibətlərdə balanslaşdırılmış xarici siyasət yürüdür, habelə bu xüsusda Prezident İlham Əliyev liderliyi faktorunun da daim diqqət mərkəzində olduğunu isbatlayır. O cümlədən, ölkəmizin Cənubi Qafqaz regionunun lider dövləti olması da sözügedən sammitin təşkilatçıları tərəfindən nəzərə alınır. Beləliklə, ən qlobal və dünyəvi əhəmiyyətli məsələlərin müzakirələrində Azərbaycanın da yerinin və rolunun diqqətə alınması artıq öz əhəmiyyətini sübut etməkdədir.

Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad olunması haqda BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələri vardır. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxarılması tələb edilirdi. Amma beynəlxalq siyasətin pərdəarxası oyunları, qlobal və regional güc sahiblərinin toqquşan maraqları və digər səbəblərdən həmin qətnamələrin tələbləri yerinə yetirilmirdi. Halbuki beynəlxalq təşkilatlar tərəfindən bu münaqişə ilə bağlı qəbul olunmuş bütün sənədlərdə də Azərbaycanın ərazi bütövlüyü öz təsbitini tapmışdı. Başqa sözlə desək, beynəlxalq hüquq baxımından ərazi bütövlüyümüzü şübhə altına alan, yaxud təhdid edən heç bir sənəd mövcud olmamışdır. Amma təəssüf ki, dünya siyasətində gedən proseslər heç də həmişə beynəlxalq hüquqa əsaslanmır.

Prezident İlham Əliyevdə çıxışında bildirmişdir ki, “BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir, lakin bu qətnamələr heç vaxt icra olunmamışdır. Bu isə bizi başqa bir vacib amilə gətirib çıxarır. Bu da BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmi ilə bağlıdır. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Amma bizə gəldikdə bu qətnamələr otuz il ərzində kağız üzərində qaldı. Bu, ikili standartdır, bu, yolverilməzdir. Bu, beynəlxalq hüququn norma və prinsiplərinə, ölkələrin öhdəliklərinə selektiv yanaşmadır.”

Ermənistan tərəfindən ərazisi işğala məruz qalan Azərbaycan 30 ilə yaxın müddətdə daim diplomatik təmkin nümayiş etdirirdi, beynəlxalq təşkilatlar və aparıcı dövlətlərin münaqişəni danışıqlar yolu ilə tənzimləmək çağırışlarına həssaslıqla yanaşırdı, lakin bunun müqabilində düşmən ölkəyə ciddi beynəlxalq təzyiqin göstərilməməsi vəziyyəti daha da gərginləşdirirdi. Nəhayət, Azərbaycan ötən il sentyabrın 27-də Ermənistan Ordusunun başladığı hücuma əks-həmlə əməliyyatları ilə cavab verməli oldu. Vətən müharibəsinin 44 günü ərzində Silahlı Qüvvələrimizin qarşısında duruş gətirə bilməyəcəyini, iflasa məhkum olacağını anlayan düşmən məğlubiyyətini etiraf etmək məcburiyyətində qaldı, noyabrın 10-da isə Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən üçtərəfli bəyanat imzalandı. Bununla da 30 ildən artıq davam edən münaqişəyə torpaqlarımızın işğaldan azad olunması ilə son qoyuludu.

Azərbaycan Ərəb Liqasına daxil olan dövlətlərlə münasibətlərini daha da inkişaf etdirəcək.