YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın diplomatik uğurları davamlıdır

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Oktyabrın 31-də Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin iştirakı ilə Soçidə keçirilən üçtərəfli görüş bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunur. Qarabağ münaqişəsinin tarixə qovuşmasından sonra günümüzün əsas məsələsi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, bölgədə sülhün və təhlükəsizliyin yaradılmasıdır.

Artıq tarixi Zəfərimizin ikinci ilinin qeyd edilməsinə saylı günlər qalır. 30 illik işğala son qoyulduğunu, ərazi bütövlüyümüzün bərpasının, bir sözlə, ölkəmizin hərbi-siyasi Qələbəsinin təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda postmünaqişə dövründə qarşıda dayanan öhdəliklər öz əksini tapıb. Azərbaycan ilk gündən bu öhdəliklərə sadiqliyini əməli ilə təsdiqləyir və bunu qarşı tərəfdən də tələb edir. Ermənistan isə hələ də tərəddüdləri ilə diqqətdədir. Baxmayaraq ki, son iki ildə  iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dair xeyli sayda görüşlər keçirilib və nəticələr ürəkaçandır, amma Ermənistan hələ də bu istiqamətdə konkret addım atmamaqla məsələnin uzanmasında maraqlı olduğunu təsdiqləyir. Hər bir görüşdə, yekun bəyanatda Azərbaycan xalqının maraq və mənafelərini təmin edən Prezident İlham Əliyev Soçidə növbəti diplomatik uğura imza atdı.

30 illik işğal dövrünün reallıqlarını təhlil edərkən Azərbaycanın məsələnin sülh yolu ilə həllinin tərəfdarı olduğunu və bunu atdığı addımları ilə təsdiqlədiyini görsək də, Ermənistanın daim danışıqlara imitasiya naminə qatıldığı hər kəsə məlumdur. Vaxt qazanmaq üçün təxribatlara əl atır, danışıqların müəyyən müddət uzanmasına səy göstərirdi. Təəssüflər olsun ki, əksər dünya gücləri ona bu niyyətinin həyata keçirilməsində dəstək olur, ədalət və beynəlxalq hüquq məfhumlarını arxa plana keçirərək dünyada bir etimadsızlıq mühiti yaradırdılar.

Dövlət başçısı İlham Əliyevin Rusiya Prezdienti Vladimir Putinlə görüşündə bir daha bu reallığı diqqətə çatdırdı ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Münaqişə iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır.

İki ildir “Dağlıq Qarabağ problem” ifadəsi leksikonumuzdan birdəfəlik silindi. Azərbaycan artıq işğaldan azad olunmuş ərazilərdə abadlıq, bərpa-quruculuq işlərini davam etdirir. Erməni vəhşiliklərinin şahidi olan şəhərlərimiz, kəndlərimiz yenidən qurulur. Azərbaycanın təqdim etdiyi dirçəliş modeli tarixi Zəfərimizin yaratdığı reallıqdır.

Azərbaycan qalib ölkə olaraq sülh gündəliyinin müəllifi kimi çıxış edir. Keçirilən görüşlərin sonunda qəbul olunan bəyanatlarda ölkəmizin mövqeyi dəstəklənir, maraqlarımız təmin edilir.  Azərbaycanın irəli sürdüyü 5 prinsip beynəlxalq hüququn əsas prinsipləridir. Bunlardan biri də ərazi bütövlüyü prinsipidir. Aprelin 6-da keçirilən Brüssel görüşündə Ermənistanın baş naziri Nikol Paşinyan ölkəmizin irəli sürdüyü 5 prinsipi qəbul etdi. Bu, tərəflərin biri-birinin ərazi bütövlüyünü dəstəkləməsidir.

Rusiya Prezidenti ilə görüşündə “Bugünkü görüş bizim regional məsələlərə həsr edilib” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib: “Əlbəttə, biz bu məsələdə Sizin şəxsi rolunuzu yüksək qiymətləndiririk. Bir qədər sonra keçiriləcək bugünkü üçtərəfli görüş bizim ilk görüşümüz olmayacaq. Sizin təşəbbüsünüzlə bu cür görüşlər keçirilib və görürəm ki, normallaşma prosesinə çox yaxşı impuls verib. Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və mənim fikrimcə, bu əsasda normallaşmaya nail olmaq mümkündür.” Soçi bəyanatında əksini tapan müddəaların hər biri Azərbaycanın maraqlarının müdafiəsinə xidmət edir.   

Göründüyü kimi, hər bir görüş, imzalanan sənəd Azərbaycanın diplomatik cəbhədə uğurulur. Bu, düşünülmüş və məqsədyönlü siyasətimizin, real faktlara əsaslanan təbliğatımızın nəticəsidir.

DİGƏR Xəbərlər Arxiv