YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanın “Soçi ümidləri” fiaskoya uğradı

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Azərbaycan Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin olunması məqsədilə irəli sürülən bütün təşəbbüsləri dəstəkləyir. Bu baxımdan, oktyabrın 31-də Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş də əhəmiyyətlidir. Üçtərəfli görüşdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında ikitərəfli görüş keçirildi. Görüşlərin nəticəsi olaraq liderlər Bəyanat imzalayıblar. Soçi görüşləri, burada aparılan müzakirələr və Bəyanatda yer alan müddəalar çox doğru olaraq Azərbaycan diplomatiyasının növbəti uğuru, Prezident İlham Əliyevin ölkəmizin maraqlarının, haqlı mövqeyinin müdafiəsi uğrunda nümayiş etdirdiyi qətiyyətin təntənəsi kimi dəyərləndirilir. Prezident İlham Əliyev Soçiyə Azərbaycanla Ermənistan arasında başlanan nizamlama və sülhyaratma prosesində konkret hədəflərə nail olmaq üçün getmişdi və buna nail oldu. Dövlətimizin başçısı Soçidə ikitərəfli və üçtərəfli formatlarda baş tutan görüşlərdə konkret məqsədə və hədəflərə hesablanan bir sıra mesajlar verdi və bunlar imzalanan Bəyanatın mətnində nəzərə alındı.

Azərbaycan Prezidentinin Soçidə Ermənistandakı revanşistlərə, Xankəndidəki separatçı tör-töküntülərə və onların xaricdəki havadarlarına yönəlik səsləndirdiyi  mühüm və qəti mesajlardan biri Qarabağ münaqişəsinin bitdiyi ilə bağı oldu. Prezident İlham Əliyev Rusiyanın dövlət başçısı ilə ikitərəfli görüşdə bunu yüksək diplomatik məharətlə diqqətə çatdırdı. Prezident İlham Əliyevin Soçidə Rusiyanın dövlət başçısı ilə keçirilən ikitərəfli görüşdə səsləndirdiyi fikirlər Ermənistandakı revanşistlərə, onların xaricdəki havadarlarına aydın və qəti mesajlardır. Həmin qüvvələr regionda yeni reallıqlar yaradan Azərbaycanın dövlət başçısının verdiyi mesajlardan nəticə çıxartmalıdırlar. “İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu”. - deyə Prezident İlham Əliyev vurğulayıb. Dövlətimizin başçısı  “bundan sonra Qarabağla bağlı müzakirələrə ehtiyac yoxdur” mesajını da dünyaya çatdırdı: “Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur”.

Dövlətimizin başçısı bu mesajı verərkən şanlı Qələbə sayəsində yaratdığı yeni reallıqlara istinad edib. Bu Qələbə ilə Azərbaycan şərəfli tarix yazdı, ərazi bütövlüyünü təmin etdi və Ermənistanın üç onillik ərzində davam etdirdiyi işğalçılıq siyasətinə nəhayət son qoydu. Ermənistan və onun havadarları Azərbaycanın öz gücünə yaratdığı bu reallıqla barışmalıdırlar. Azərbaycan həm İranla 132, həm də Ermənistanla təxminən 500 kilometrlik dövlət sərhədlərinə çıxıb. Ölkəmizin qonşu dövlətlərə qarşı heç bir ərazi iddiası yoxdur. Eyni zamanda başqalarının da respublikamıza qarşı belə iddialardan çıxış etmələri yolverilməzdir. 44 günlük müharibə təsdiqlədi ki, Azərbaycan ərazi bütövlüyünü, unitar dövlət quruluşunu qorumağa qadirdir. 44 günlük müharibənin nəticəsi olaraq Qarabağ Azərbaycanın daxili məsələsinə çevrilib. Buna görə də burada Ermənistanla, digər dövlətlərlə və beynəlxalq təşkilatlarla müzakirə ediləsi bir şey yoxdur. Azərbaycan daxili məsələlərini heç kimlə müzakirə etmək niyyətində deyil. Soçidə imzalanan Bəyanatda Prezident İlham Əliyevin verdiyi “Qarabağ artıq tarixdir”, “müzakirə ediləsi bir məsələ yoxdur” mesajları nəzərə alınıb. Əvvəllər Ermənistan rəsmiləri və bu ölkəyə havadarlıq edənlər Qarabağda yaşayan ermənilərə hansısa “status” verilməsi şərtini irəli sürürdülər. Bu, bir növ ölünün dirildilməsi cəhdlərinə bənzəyirdi. Azərbaycanın isə qətiyyətli mövqeyi belədir ki, Qarabağda yaşayan ermənilərə hansısa bir statusun verilməsindən ümumiyyətlə söhbət gedə bilməz. Təsadüfi deyildir ki, bundan əvvəl Moskvanın və Brüsselin vasitəçiliyi ilə imzalanan sənədlərdə olduğu kimi, son Soçi Bəyanatında da “Dağlıq Qarabağ münaqişəsi”, “status” ifadələri ümumiyyətlə işlədilməyib. Bu ifadələr arxaizmləşiblər. Azərbaycanın Konstitusiya ilə müəyyən olunmuş unitar dövlət quruluşu var və bunun azsaylı etnik topluma görə dəyişdirilməsi mümkünsüzdür. Azərbaycan Qarabağda yaşayan erməniləri öz vətəndaşları sayır və onların hüquqlarının qorunmasına təminatlar verir. Bir məsələ aydındır ki, Qarabağda yaşayan erməniləri Azərbaycana inteqrasiya şəraitində daha yüksək təminatlar və daha rahat həyat gözləyir.

Soçi görüşünün yükunu olaraq qəbul olunmuş bəyanatda  regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın vacibliyi  vurğulanıb. Bu məqamlar  Prezident İlham Əliyevin Rusiyanın dövlət başçısı ilə ikitərəfli formatda baş tutan görüşdə verdiyi növbəti mesajın məzmunu ilə üst-üstə düşür. Görüşün regional məsələlərə həsr edildiyini bildirən dövlətimizin başçısı vurğulayıb ki, indi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib. Postmüharibə dövründə iki ölkə arasında münasibətlərin nizamlanması üçün bir sıra məsələlər həllini tapmalıdır. Bura humanitar məsələlərlə yanaşı, sərhədlərin delimitasiya və demarkasiya edilməsi, Ermənistana məxsus qanunsuz hərbi birləşmələrin Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasından tamamilə çıxarılması, mina terroruna, şərti sərhədlər boyunca təxribatlara son qoyulması, Ermənistanda Zəngəzur dəhlizinin yaradılması istiqamətində əməli fəaliyyətə başlanılması və s. məsələlər daxildir. Bu məsələlərin həllini tapması regionda etimad və təhlükəsizlik mühitinin formalaşmasına müsbət təsir göstərə bilər. Gündəliyin əsas mövzusu isə iki ölkə arasında sülh sazişinin imzalanmasıdır. Bu sazişin imzalanması ilə bağlı Azərbaycanın siyasi iradəsi ortadadır. Sülh prosesinin müsbət sonluqla başa çatması üçünsə, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməlidir. Çünki Ermənistanın başqa variantı yoxdur. Zaman Ermənistanın xeyrinə işləmir!