YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Füzulidə YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Noyabrın 2-də Füzuli rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları rayon Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər.

Sonra ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova bildirib ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı zamandan keşməkeşli yol keçib və ümumxalq partiyasına çevrilib. Azərbaycan xalqının Ümummilli Liderinin qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün istər ölkə daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyası həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atıb. Yeni Azərbaycan Partiyasının bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığını qeyd edən rayon təşkilatının sədri bu uğurların zirvəsində tarixi Zəfərimizin dayandığını vurğulayıb. Almaz Həşimova YAP Füzuli rayon təşkilatının fəaliyyəti haqqında da ətraflı məlumat verib. Qeyd edib ki, hazırda ərazi partiya təşkilatlarının sayı 58-ə, üzvlərinin sayı isə 6803 nəfərə çatıb.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev isə çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayıb. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin siyasi kursunu müasir dövrümüzün tələbləri əsasında davam etdirən Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin Azərbaycana Zəfər bəxş etmiş Müzəffər Ali Baş Komandan olduğunu bildirib.

YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  sədri Bahar Muradova bildirib ki, YAP-ın növbəti ildönümü təkcə partiyamızın çoxsaylı üzvləri üçün deyil, ümumilikdə Azərbaycanın hər bir vətəndaşı üçün son dərəcə əlamətdardır: “Xalqın taleyində müstəsna rol oynayan, Azərbaycanı xaos və anarxiyadan, vətəndaş müharibəsindən, iqtisadi tənəzzüldən, bir sözlə, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib davamlı sabitlik, tərəqqi və iqtisadi yüksəliş yoluna çıxaran bir siyasi qüvvənin - Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü ölkəmizin hər bir guşəsində təntənəli şəkildə qeyd olunur. Çünki ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası ötən müddət ərzində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin təminatçısı qismində çıxış edib”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində böyük inkişaf yolu keçib və bir çox uğurlara imza atıb. Bütün bunlar onu deməyə əsas verir ki, ümumxalq partiyası olan YAP-ın fəaliyyəti qarşıdakı dövrdə də Azərbaycanın inkişafına layiqincə xidmət edəcək.

Tədbirdə, həmçinin partiya veteranı Rafael Zülfüqarov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Fəqan Zalovun atası Amil Zalov, Vətən müharibəsi qazisi Anar Azadov çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi şanlı inkişaf yolundan danışıblar.

Tədbirin sonunda Vətən müharibəsi qazilərinə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən təltif olunduqları medallar, partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri, Füzuli rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına isə fəxri fərmanlar təqdim edilib.