YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci Avropa Oyunlarının məşəli Qazaxda alovlandırıldı

Son illərdə daha da gözəlləşən, müasirləşən, abadlıq-quruculuq işlərinin geniş vüsət aldığı Qazax şəhəri bu günlərdə bayram libasına bürünüb. Birinci Avropa Oyunlarının məşəlinin qarşılanacağı Heydər Əliyev prospektində, eləcə də şəhərin Nizami, Vidadi, M.Carçıyev, M.Dilbazi, Şəhidlər xiyabanı, Vaqif, Azadlıq, Bakı, N.Nərimanov, Ə.Şıxlinski küçələrində və Heydər Əliyev parkında əsl bayram əhval-ruhiyyəsi hökm sürür. Minlərlə rayon sakini, gənclər, idmançılar və veteranlar birinci Avropa Oyunlarının məşəlini böyük maraq və sevinc hissi ilə gözləyirdilər.

Birinci Avropa Oyunlarının məşəli mayın 18-də Qazax şəhərinə gətirildi.

Heydər Əliyev prospektində minlərlə rayon sakininin və idmançıların iştirakı ilə birinci Avropa Oyunlarının məşəlinin möhtəşəm qarşılanma mərasimi oldu. Birinci Avropa Oyunlarının rəmzi qapısında rayonun fəal gənclərindən olan Vüsal İsmayılov qazaxlıların sevinc dolu alqışları və gül-çiçək yağışı altında məşəli qəbul etdi.

Sonra məşəlçilərin yürüşü başladı. Heydər Əliyev prospekti boyunca üç kilometrə yaxın məsafədə on məşəlçi bir-birini əvəzləyərək yürüşü davam etdirdi. Məşəl minlərlə rayon sakininin alqış sədaları və müşayiəti ilə Heydər Əliyev parkına gətirildi. Sonuncu yürüşçü - rayonun fəal gənci Tərxan Əhmədov burada qurulmuş səhnəyə çıxaraq məşəli alovlandırdı.

Birinci Avropa Oyunlarının çırağı dördqat dünya, altıqat Avropa çempionu Qismət Vəkilova təqdim edildi. Çıraq ilk Avropa Oyunları başa çatanadək Heydər Əliyev Mərkəzində saxlanılacaq.

Daha sonra aprelin 26-da Atəşgah məbədində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin və 150-dən çox qonağın iştirakı ilə dövlətimizin başçısı tərəfindən birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarx nümayiş olundu.

Respublikamızın, eləcə də rayonun incəsənət ustalarının ifasında konsert proqramı qazaxlıların bayram sevincini daha da artırıb.

Qazaxlılara xoş ovqat bəxş edən mərasim atəşfəşanlıqla başa çatıb.

 

DİGƏR Xəbərlər Arxiv