YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regional əməkdaşlığın uğurlu formatı

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

“Mən Sizin atanızdan, ölkənizin Ümummilli Liderindən sitat gətirmək istəyirəm. Onun xatirəsinə bizim dərin ehtiramımız var. O, vaxtilə Gürcüstanda Tbilisidə olanda demişdi, Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək.” Dövlət başçısı İlham Əliyevin Gürcüstana işgüzar səfəri zamanı bu ölkənin Baş naziri İrakli Qaribaşvilinin mətbuata bəyanatında səsləndirdiyi bu fikirlər dövlətlərarası münasibətlərdə liderlərin şəxsi nüfuzunun, dost münasibətlərinin əhəmiyyətli roluna işıq salır. Reallıq budur ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin və Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi Azərbaycan-Gürcsüstan münasibətlərində yeni səhifə açdı. Məhz o zamandan yüksələn xətlə inkişaf etməyə başlayan bu əlaqələrin zaman keçdikcə strateji təfəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlməsi də birgə fəaliyyətin nəticəsi kimi dəyərləndirilir.

İstər dövlət başçısı İlham Əliyevin, istərsə də Gürcüstanın Baş naziri İrakli Qarıbaşvilinin mətbuata bəyanatında bu fikir xüsusi qeyd edilir ki, əlaqələrin inkişafı üçün yeni imkanlar yaranır. Hazırkı dövrdə, tarixi Zəfərimizin reallıqlarını yaşadığımız bir zamanda bu imkanlar özünü daha aydın şəkildə büruzə verir. Yeni əməkdaşlıq formatlarının yaradılması bu mərhələnin əsas çağırışlarından biridir. Bu isə öz növbəsində regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasını bir tələbə çevirir. Tarixi Zəfərimizdən sonra günün əsas məsələsi məhz Ermənistan-Azərbaycan münasibətlərində yeni səhifənin açılması və bunun üçün sülh müqaviləsinin imzalanmasıdır. Dövlət başçısı İlham Əliyevin sülh təklifində 5 prinsip öz əkini tapıb. Cənab İlham Əliyev Gürcüstan səfərində də bu məsələyə xüsusi diqqət yönəltdi və mətbuata bəyanatında bir daha Ermənistana mesajlarını ünvanladı: “Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır.”

Gürcüstanın Baş nazirinin bəyanatında da bu məqam xüsusi qeyd edilir ki, dünyada baş verən hadisələr yalnız sülh və sabitlik yolu ilə həll olunmalıdır. Bu, həm bizim regionumuz, həm də xalqlarımız üçün vacibdir: “Bununla yanaşı, biz regional vəziyyəti, Azərbaycan və Ermənistan arasında olan təmasları, iki ölkə arasında sülh prosesini nəzərdən keçirdik. Şəxsən mən və bizim hökumətimiz ümidvarıq ki, sülh siyasətini həyata keçirmək üçün əlimizdən gələni edəcəyik. Regionumuzdakı mehriban qonşuluq əlaqələri heç bir əməkdaşlıq formatına zidd deyil, bunu yalnız gücləndirəcəyik və əminəm ki, biz bir yerdə çox işlər görə bilərik.”

Göründüyü kimi, tərəflər möhkəm təməl üzərində əlaqələrin daha da genişləndirilməsində maraqlı olmaqla yanaşı, bölgədə sülhün və təhlükəsizliyin yaradılmasını vacib amil kimi önə çəkir, səylərin birləşdirilməsinin əhəmiyyətli rolunu vurğulayırlar.  

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan, Türkiyə və Gürcüstanın siyasi iradəsi əsasında reallığa çevrilən layihələr dövlətlər, xalqlar arasında körpü rolunu oynamaqla yanaşı, regionda sabitliyin, təhlükəsizliyin təminatı kimi də dəyərləndirilir.  Hər üç ölkənin birgə səyləri nəticəsində regional əməkdaşlığın əsası qoyuldu və bu gün bu əlaqələrin çoğrafiyasının genişlənməsi diqqətdən yayınmır. Cənab İlham Əliyevin Gürcüstan səfərində tarixi layihələrdən - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərindən, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən geniş bəhs olunaraq bu addımların bundan sonra da irəliyə doğru atılacağına və bunun üçün imkanların mövcudluğuna əminlik ifadə edildi. Bir zamanlar çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələrinin  üç dost ölkənin siyasi iradəsi əsasında reallığa çevrilməsi  bu birliyin hər bir hədəfə yüksək səviyyədə nail olmaq imkanlarını nümayiş etdirdi.

Ümumilikdə səfər hər iki müttəfiq ölkənin hansı imkanlara malik olduğunu, əlaqələrin bugünkü səviyyəsini təqdim etdi. İki ölkə arasında ticarət dövriyyəsi artıb. Belə ki, bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, hər iki tərəfin maraqlarına cavab verir. Səfər çərçivəsində keçirilən görüşlərdə bir daha diqqət həyata keçirilən layihələrə yönəldilərək onların fonunda yeni layihələr haqqında düşünüldüyü açıqlandı.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, regonal əməkdaşlığın mühüm formatı olan Azərbaycan-Gürcüstan münasibətləri müttəfiqlik səviyyəsinə yüksələrək, bütün sahələrdə uğurla inkişaf edir.