YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər tariximizin qardaşlıq nümunəsi: Azərbaycan-Türkiyə

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Memarı ulu öndər Heydər Əliyev olan Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçilik mənafelərinin qorunmasında ölkənin zəngin iqtisadi potensialı və əlverişli geosiyasi mövqeyi mühüm əhəmiyyət kəsb edir. Bu amillər Azərbaycanın milli dövlətçilik maraqlarına cavab verən səmərəli və məqsədyönlü xarici siyasət kursunun həyata keçirilməsi üçün ilkin əlverişli zəmin yaradır. Lakin mövcud ilkin potensialı və əlverişli zəmini reallaşdırmaq, onlardan maksimum bəhrələnmək beynəlxalq aləmdə cərəyan edən proseslərin ciddi araşdırılmasını, Azərbaycanın maraqlarına uyğun düşünülmüş, hərtərəfli əsaslandırılmış və bütün incəlikləri nəzərə alan addımların atılmasını tələb edirdi. Müasir dövrdə strateji inkişaf xətti kimi demokratik cəmiyyət quruculuğu və bazar iqtisadiyyatı yolunu seçən Azərbaycan Respublikası dünya təcrübəsində uğurla sınaqdan keçmiş ümumbəşəri dəyərlərdən faydalanmağa çalışır, özünün geniş iqtisadi potensialını hərəkətə gətirmək məqsədilə inkişaf etmiş ölkələrin qabaqcıl texnologiyasını və maliyyə imkanlarını cəlb edir, onlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirir. Qeyd edək ki, bu proses bu gün ümummilli lider Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Avropa ilə Asiyanın qovşağında strateji baxımdan əlverişli, mühüm geostrateji mövqeyə malik olan Azərbaycan ictimai-siyasi və mədəni-mənəvi həyatın bütün sahələrində özünəməxsus xüsusiyyətləri yaşatmaqla yanaşı, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri də əxz edərək, dünya birliyinə inteqrasiya olunmaq xəttini seçmişdir. Bu seçimi reallaşdırmaq istiqamətində Azərbaycan dövləti, bir tərəfdən, dünya təcrübəsini öyrənərək, özünün iqtisadi və siyasi inkişaf modelini müəyyənləşdirir, digər tərəfdən, beynəlxalq aləmdə qəbul edilmiş ölçülərə uyğun olaraq öz milli maraqlarını qorumaq üçün dövlətlərarası əlaqələrə girir. Bu da tamamilə təbiidir, çünki hər bir ölkənin daxili iqtisadi, siyasi və mənəvi tələbatının ödənilməsi onun dünya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasını və inkişafını, milli maraqlarına cavab verən xarici siyasət yürüdülməsini tələb edir. Bu baxımdan xarici siyasətimizdə aparacı mövqeyə malik olan isə heç şübhəsiz qarşılıql səylər, sarsılmaz iradənin əsasında inkişaf etdirilən qardaş Türkiyə Cumhuriyyəti ilə olan münasibətlərdir.

Azərbaycanın xarici siyasətində Türkiyə ilə münasibətlərin xüsusi əhəmiyyətə malik olduğunu təsdiq edən və ümumiyyətlə, iki ölkənin qarşılıqlı əlaqələrini səciyyələndirən əsas cəhət ondan ibarətdir ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hər il iki ölkənin dövlət və hökumət rəhbərlərinin çoxsaylı qarşılıqlı rəsmi və işgüzar səfərləri hökumətlərarası münasibətləri tənzimləyən müxtəlif sənədlərin imzalanması ilə müşayiət olunmuşdur. Bu, iki dost ölkənin qarşılıqlı münasibətlərinin özünəməxsusluğunun təzahürü olmaqla yanaşı, ikitərəfli əlaqələrin dinamik inkişafı üçün geniş hüquqi-normativ bazanın yaradılmasında mühüm rol oynamışdır. Bu əlaqələr bu gün qardaşlıq səviyyəsinə yüksələrək Türkiyəni bizim şanlı Zəfər tariximizin əsas hissəsini təşkil edir. Bundan əlavə ölkələrimiz arasındakı əlaqələrin yüksək templə inkişafı təkcə bizim yox, həm də, regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töfhələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir ayara gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Bu inkişafın bu gün qardaşlıq səviyyəsinədək gəlib çatmasında isə heç şübhəsiz ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müstəsnə və uğurlu xidmətləri olmuşdur.

Türkiyə hər zaman Azərbaycanın yürütüyü siyasətə hər tərəfli dəstək göstərən ölkədir. Yada salmaq kifayətdir ki, ərazilərimizin 30 ilə yaxın müddətdə Ermənistanın işğalda saxlamasına etiraz əlaməti olaraq Türkiyə bu ölkə ilə sərhədləri bağlamış və beynəlxalq arenada Azərbaycanın haqq işinə hər zaman öz dəstəyini nümayiş etdirmişdir. Xalqımız bu dəstəyi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun düşməndən öz torpaqlarını azad etdiyi 44 günlük Vətən müharibəsində şahidi oldu. 44 gün ərzində apardığımız bu haqq savaşı dost və qardaş ölkələri bizə bir daha tanıtmaqla yanaşı, həm də özünü dost kimi qələmə verib, məkrli siyasət aparan dövlətlərin əsl simasını da üzə çıxardı. Hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Türkiyə bu dəfə də dövlətimizin çətin günündə öz mənəvi, siyasi dəstəyini və köməyini əsirgəmədi. Türkiyə kimi regionda və dünyada güclü bir dövlətin Azərbaycanın mövqeyini dəstəkləməsi Vətən müharibəsində bizə çox böyük siyasi və mənəvi dəstək oldu, gücümüzə güc qatdı. Müharibənin başladığı ilk günlərdən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlamalar onu göstərdi ki, Azərbaycan bu haqq savaşında tək deyil, onun Türkiyə kimi böyük qardaşı, arxa-dayağı və etibarlı tərəfdaşı var. Qarabağ zəfəri sayəsində dünya iki qardaş ölkənin bir-birinə necə cani dildən bağlı olduğunun şahidi oldu. Burada biz Türkiyə Cumhuriyyətinin Prezidenti möhtərəm Rəcəb Tayyib Ərdoğanın siyasi və mənəvi dəstəyini də xüsusi olaraq qeyd etməliyik. Bununla bağlı o şərəfli və çətin günlərdə Prezident İlham Əliyev qadaş ölkənin rolunu yüksək qiymətləndirərək bildirmişdir: “Türkiyə rəhbərliyi və əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu, bizə əlavə güc verdi və biz bunu heç zaman unutmayacağıq. 44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi.”

2020-ci ilin dekabr ayının 10-da Bakının Azadlıq meydanında 44 günlük Vətən müharibəsindəki şanlı Qələbə münasibəti ilə keçirilən hərbi paradda başda Türkiyə Cumhuriyyətinin Prezidenti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və hökümət nümayəndələrinin iştirak etməsi dostluq və qardaşlığımızın növbəti tənətəsi kim tarixə düşdü.

2021-ci il iyunun 15-də isə Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qədim Azərbaycan şəhəri, türk mədəniyyətinin beşiyi olan Şuşada iki dost və qardaş ölkə arasında Bəyannamə imzalamaqla, sözün əsl mənasında, tarix salnamə yazdılar. Şuşa Bəyannaməsi iki qardaş ölkə müttəfiqliyinin rəsmi təminatı oldu. Bu Bəyannamə iki xalqın tarix, soykök, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqləməklə yanaşı, ölkələrimiz arasında dostluq və qardaşlığın nümunəvi xarakterindən xəbər verir. Eyni zamanda, Azərbaycan da öz növbəsində qardaş Türkiyəyə milli-strateji və prinsipial məsələlərdə güclü dəstək nümayiş etdirir.  Bütün bunlar isə ümummilli lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının real həyatda bir daha öz təsdiqini tapmasıdır.

Azərbaycan və Türkiyə prezidentləri cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri, qardaşlığı bütün sahələrdə əməkdaşlığa, görülən işlərə öz töhfəsini verməkdədir. İki ölkə başçısının siyasi iradəsi tərəflər arasında iqtisadi, hərbi-texniki, mədəni-humanitar və digər istiqamətlərdə münasibətlərin dinamik inkişafını təmin edir. Fəal siyasi dialoq şəraitində iqtisadi əlaqələrin genişlənməsi iki ölkənin milli maraqlarına xidmət edən mühüm strateji amildir.

Ermənistanın 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı və Vətən müharibəsində əldə edilən parlaq Qələbə ilə azad edilən ərazilərimizdə bərpa-quruculuq layihələrinin icrası başlayandan ötən müddətdə bu prosesdə Türkiyə şirkətlərinin fəaliyyəti daha çox diqqət çəkib. Qardaş digər infrastruktur layihələrinin icrasında, tarixi abidələrimizin bərpasında eləcə də regionda hava limanlarının inşasında səmərəli fəaliyyət göstərib. Hazırda Böyük Qayıdışın təmin edilməsi, həmçinin həmin ərazilərin iqtisadi potensialının ölkə iqtisadiyyatına reinteqrasiyası üçün zəruri olan infrastrukturun yaradılması istiqamətində işlər intensiv şəkildə davam etdirilir. Müasir yanaşmalar əsasında reallaşdırılan layihələr sırasında bölgədə mükəmməl yol-nəqliyyat infrastrukturunun qurulması, o cümlədən üç beynəlxalq səviyyəli hava limanının inşası xüsusilə diqqət çəkir.

2021-ci ilin oktyabr ayının 26-da Füzuli hava limanının, eləc də cari ilin 20 oktyabrında Zəngilan hava limanının açılış mərasimlərinin baş tutması və fəxri qonaq kimi Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın və hökümət nümayəndələrinin iştirakı dostluq və qardaşlığımızın əbədi və daimi olması mesajını bütün dünyaya verdi. Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının növbəti təntənəsi kimi dəyərləndirilən beynəlxalq hava limanlarının iki qardaş ölkənin prezidentlərinin iştirakı ilə açılması Qarabağ və Şərqi Zəngəzurun intensiv surətdə bərpa olunduğundan və eləcə də həmin bölgələrdə təhlükəsizlik tədbirlərinin daha gücləndirildiyindən xəbər verir.

Bundan əlavə Füzulidə və Zəngilanda olmaqla bu iki beynəlxalq səviyyəli hava limanının istifadəyə verilməsi bir sıra nöqteyi-nəzərdən önəmlidir. Hava limanlarının Azərbaycanın Ermənistanla sərhəd bölgələrində möhkəmlənməsi üçün yeni imkanlar açacağının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Bu, respublikamız üçün strateji önəm daşıyır. Məlumdur ki, bəhs olunan ərazilər çətin keçilən reylef şəraitinə malikdir. Xüsusilə qış aylarında buraya nəqliyyat vasitələrinin gediş-gəlişi çətinləşir. Qarabağda üç məkanda yaradılan hava limanları yenidən qurulan yüksək səviyyəli yollarla birlikdə bu çətinliyə birdəfəlik son qoyacaq və yayda, isti havalarda olduğu kimi, qış aylarında da Kəlbəcərə, Laçına, Qubadlıya, Zəngilana və digər yaşayış məntəqələrinə gediş-gəlişi mümkün edəcək. Digər tərəfdən xüsusilə Zəngilan hava limanın gələcək Zəngəzur dəhlizinə inteqrasiya olunması prosesi də reallaşacaq. Bundan sonra hava limanı Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin də elementinə çevriləcək. Bu da Zəngilan da daxil olmaqla həmin ərazilərimiz vasitəsilə daşınan beynəlxaq yüklərin həcminin artmasına və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək. Şərqi Zəngəzurda turizm potensialı yüksək olduğundan bu hava limanının tikilməsi yerli və beynəlxalq uçuşlar baxımından əhəmiyyətlidir. Zəngilan Beynəlxalq Hava Limanının açılışı tarixi Zəfərimizdən sonra daha da möhkəmlənən Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının sarsılmaz olduğunu bir daha sübut etdi.

Cari ilin oktyabr ayının 20-də Cəbrayılda Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi mətbuat konfransında Cənab Prezident İlham Əliyev mətbuatda səsləndiridiyi “Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir” fikri dünya ictimaiyyətinə ünvanlanan bir çağırışa çevrildi. İstər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə Azərbaycan və Türkiyə dünyaya nümunə olan birlik ortaya qoydular. Prezident İlham Əliyevin qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Zəngilan Beynəlxalq Hava Limanının, “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışını etməsi, Cəbrayılda Qumlaq stansiyası, “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlini qoyması böyük iqtisadi və siyasi əhəmiyyət kəsb edir. Xüsusilə də Ermənistan və İranla həmsərhəd olan Zəngilanın işğaldan azad olunmasının 2-ci ildönümündə, eyni zamanda baş verən regional hərbi-siyasi proseslər fonunda Türkiyə Prezidentinin Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır. Vətən müharibəsinin ilk saatlarından Azərbaycanın yanında olduğunu bəyan edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın hava limanının açılışında iştirakı ölkələrimizin birliyinin və qardaşlığının təntənəsidir.

Artıq bütün dünya üçün sirr deyil ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir. Bu iki qardaş dövlət məsuliyyətli tarixi məqamlarda bir yumruq kimi birləşərək bu birliyin sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirə bilir. Bu, tarixən də belə olub, illər keçsə də belə olacaq.