YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Gürcüstan münasibətləri yeni mərhələdə

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərimizin inkişafı üçün yeni səhifə açır. Səfər zamanı müzakirə olunan məsələlərə, eləcə də Azərbaycan Prezidenti və Gürcüstan Baş nazirinin bəyanatlarına diqqət yetirsək deyə bilərik ki, iki qonşu dövlət olaraq münasibətlərimizin inkişafında yeni mərhələ başlayıb.

Bu gün Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələri tam yeni xarakter alaraq müttəfiqlik səviyyəsinə yüksəlib. Eyni zamanda, əlaqələrin siyasi əhəmiyyəti artıq iki ölkə hüdudları ilə kifayətlənməməkdə, Tbilisi-Bakı müttəfiqliyi həm region, həm də bütövlükdə Avropa üçün önəm qazanmağa başlamaqdadır. Xüsusən, dünyada enerjiyə tələbat artdığı bir zamanda ölkə arasında əlaqələr hər iki ölkənin birlikdə milli maraqlarını təmin etməsinə imkan verir. Məhz Prezident İlham Əliyevin şaxələndirilmiş enerji siyasətində vacib həlqələrdən biri kimi çıxış edən Gürcüstan artıq bu layihələr çərçivəsində Avropa üçün ayrıca önəm qazandığının fərqindədir. Rəsmi Tbilisi bu məsələdə Bakının hər iki ölkənin maraqlarına uyğun rolunu həm dərk edir, həm də əməkdaşlığın dərinləşməsinin faydalı olduğunu anlayır. Eyni zamanda, Gürcüstan Azərbaycanın sülh cəhdləri fonunda daha sabit bir bölgənin daha faydalı bir mühitə gətirib çıxaracağına da inanaraq Bakının mövqeyini bölüşür.

Liderlərin görüşü zamanı bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər də diqqət mərkəzində olub. Prezident İlham Əliyevin bir daha bəyan etdiyi kimi,  Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etmişik. Ermənistan tərəfi də sülh sazişini imzalamaq üçün  siyasi iradə nümayiş etdirməlidir. Dövlətimizin başçısı eyni zamanda, Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlanması haqqında da fikir mübadiləsinin aparıldığını bildirib.

Təbii ki, dialoq mühitinin genişlənməsi, Cənubi Qafqazda daimi sülhün bərqərar olunmasından bütün region faydalanacaq. Bu məsələdə xüsusi diqqət çəkən isə odur ki, proseslər məhz Bakının arzu etdiyi istiqamətdə inkişaf edir. Əlbəttə ki, bu, Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqarar olunması istiqamətində önəmli bir platforma ola bilər.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də iki ölkə arasında əlaqələrin səviyyəsini yüksək qiymətləndirib. O deyib ki, bizim ölkələrimiz arasında misilsiz dostluq əlaqələri və sıx münasibətlər var. Həmin münasibətlər tarixi əlaqələrimizə və qarşılıqlı hörmətə əsaslanır. Müasir dövrdə isə həyata keçirilən qlobal layihələr iki ölkənin siyasi çəkisini dünya miqyasında daha da artırmaqdadır. Xüsusilə, qeyd etdiyimiz kimi, yaxın regionumuzda baş verən mürəkkəb proseslər Avropanın enerji təhlükəsizliyinə ciddi təhdidlər yaradıb. Belə bir şəraitdə Azərbaycanın təşəbbüsləri Avropa üçün bu baxımdan yeni imkanlar açır. Gürcüstan isə tranzit ölkə kimi burada iqtisadi dividentlərini artırmaqdadır. Bütövlükdə, qarşılıqlı faydalı münasibətlər Azərbaycan-Gürcüstan əlaqələrinin davamlı inkişafından xəbər verir!