YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin müzakirəsi sosial sifarişin təzahürüdür

“Oktyabr 24-də Azərbaycan Respublikasının Milli Məclisində keçirilmiş “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləməni ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi qiymətləndirmək lazımdır. Həmin dinləmədə ölkəmizdə dövlət qeydiyyatından keçən və fəaliyyət göstərən əksər siyasi partiyaların sədrləri və nümayəndələri iştirak etdi və müzakirələrdə yaradılan plüralizm şəraitində təmsil etdikləri partiyaların üzvlərinin fikirlərini ifadə etdilər.” Bunu Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, “Siyasi partiyalar haqqında” mövcud qanun, 30 il bundan əvvəl, 1992-ci ilin iyul ayında qəbul edilmişdir və təbii ki, ötən bu 30 il ərzində istər Azərbaycanda, istər beynəlxalq aləmdə, o cümlədən siyasi sistemdə mühüm dəyişikliklər baş vermişdir: “Bir çox Avropa ölkələrində siyasi partiyalarla bağlı qanunvericilik təkmilləşdirilmişdir və bu sahədə də böyük təcrübə əldə olunmuşdur. Vətən müharibəsində tarixi Zəfərdən sonra ölkədə formalaşmış siyasi konfiqurasiya, yeni siyasi dialoq mühiti və dünyda baş verən yeni tenensiyalar qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını, yeni qanunun hazıranmasını zəruri etmişdir.

Parlamentə təmsil olunan 11 siyasi partiya Milli Məclisin rəhbərliyinə müraciət edərək yeni qanun layihəsinin hazırlanmasını təklif etmişdilər və parlamentimizin üç komitəsindən 20-dən artıq ölkənin təcrübəsi araşdırılaraq bu qanun layihəsi hazırlanmışdır və iki ay bundan öncə Milli Məclisin saytına yerləşdirilmişdir. Milli Məclis rəhbərliyi tərəfindən siyasi partiyalara təklif və rəylərinin bildirilməsi ilə bağlı müraciət olunmuşdur. Ötən iki ay ərzində siyasi partiyaların rəhbərləri tərəfindən 240-a qədər təklif və rəy bildirilmişdir. Bu proseslərin hamısı və dinləmənin keçirilməsi və keçirilmə zamanı yaradılmış şərait bir daha göstərir ki, Milli Məclis tərəfindən yeni bir müsbət tendensiya yaradılmışdır.

Dinləmənin yaratdığı müsbət tendensiya “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin müxtəlif platformalarda müzakirəsi müsbət haldır və gələcəkdə bu tendensiyanın davam etdirilməsi sosial sifarişin təzahürüdür. Milli Məclis bu tip dinləmələrə və müzakirələrə hər zaman açıq olduğunu bəyan etməklə ictimai rəyin öyənilməsində maraqlı olduğunu bir daha ifadə etmiş oldu. Qanun layihəsinin müzakirəsi ilə bağlı Milli Məclis tərəfindən başlanan yeni proses cəmiyyətdə baş verən hadisələrin, sosial-siyasi tələblərin daha dolğun qiymətləndirilməsinə xidmət etməklə, onun elmi əsaslarının daha da möhkəmləndirilməsinə fayda verəcəkdir”.