YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşda şəhidlərin məzarları ziyarət olunub

Ağdaş rayonunda Vətən müharibəsi şəhidləri Əliyev Cəlil Qüdrət oğlunun, Həsənov Rəvan Rövşən oğlunun, Maxsudov Bəxtiyar Mansur oğlunun, Məmmədov Elvin Eldəniz oğlunun, Feyruzlu Əlibəy Samir oğlunun şəhadətlərinin ikinci ildönümü qeyd olunub. Rayonun Abad kəndində isə sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan Qurbanov Xəqan Daşqın oğlunun 40 mərasimi keçirilib.

Anım mərasimlərində Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin rəisi Nizami Heybətov, Yeni Azərbaycan Partiyasının fəalları, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla anılıb, məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.

Qeyd edək ki, 1998-ci il iyulun 12-də Ağdaş rayonu Qaradağlı kəndində anadan olan Cəlil Əliyev 2020-ci il oktyabrın 14-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

2001-ci il iyunun 25-də Ağdaş rayonu İkinci Aral kəndində dünyaya göz açan Rəvan Həsənov 2020-ci il oktyabrın 23-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik məqamına yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb.

1997-ci il oktyabrın 17-də Ağdaş rayonu Tofiqi kəndində anadan olan Bəxtiyar Maxsudov 2020-ci il oktyabrın 24-də Suqovuşan uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

2001-ci il iyunun 25-də Ağdaş şəhərində dünyaya göz açan Elvin Məmmədov 2020-ci il oktyabrın 15-də Ağdərə istiqamətində yaralı əsgər yoldaşlarını döyüş bölgəsindən çıxardarkən qəhrəmancasına şəhidlik məqamına ucalıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə o, ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.

2001-ci il avqustun 7-də Ağdaş şəhərində anadan olan Əlibəy Feyruzlu 2020-ci il oktyabrın 25-də Suqovuşan uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.