YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev xanım Ciorcia Melonini İtaliya Nazirlər Şurasının Sədri kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xanım Ciorcia Melonini İtaliya Nazirlər Şurasının Sədri kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib.

Dövlətimizin başçısı İtaliyanı Azərbaycan üçün dost ölkə və etibarlı strateji tərəfdaş adlandırıb. “Yüksək səviyyəli müntəzəm siyasi dialoq, daim yeni məzmunla zənginləşən qarşılıqlı faydalı əməkdaşlığımız, eləcə də gündən-günə genişlənən iqtisadi-ticari, enerji və humanitar sahələrdə əlaqələrimiz çoxölçülü strateji tərəfdaşlığımızı səciyyələndirən əsas cəhətlərdəndir”, - deyə məktubda vurğulanıb.

Ölkələrimiz arasında iqtisadi əlaqələrin dinamik inkişaf yolunda olduğunu məmnunluqla qeyd edən Prezident İlham Əliyev bildirib ki, İtaliya Azərbaycanın, Azərbaycan isə İtaliyanın Cənubi Qafqazda ən əsas ticarət tərəfdaşıdır.

Məktubda daha sonra deyilir: “İtaliya şirkətləri uzun müddətdir ki, ölkəmizdə geniş fəaliyyət göstərir və münasibətlərimizin inkişafında vacib rol oynayır. Bu əməkdaşlıq işğaldan azad olunmuş ərazilərimizdə də uğurla həyata keçirilir. Eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan və əməkdaşlığımızın prioritet sahələrindən olan enerji sektorunda da səmərəli və məhsuldar birgə fəaliyyətimiz təqdirəlayiqdir”.

Prezident İlham Əliyev Azərbaycan-İtaliya dostluğu və strateji tərəfdaşlığının, həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində əməkdaşlığımızın birgə səylərlə bundan sonra da müvəffəqiyyətlə davam edəcəyinə inamını ifadə edib.