YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fatma Yıldırım: Azərbaycanla Gürcüstan arasında nümunəvi əməkdaşlıq münasibətləri formalaşıb

“Azərbaycanın xarici siyasətində qonşu ölkələrlə əlaqələrin dərinləşdirilməsi xətti önəmli yer tutur. Respublikamız regionda əməkdaşlığın möhkəmlənməsinə böyük səy göstərir. Bu ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsidir ki, hazırda Azərbaycan Ermənistan istisna olmaqla, bütün region dövlətləri ilə yüksəksəviyyəli xoş münasibətlərə malikdir. Azərbaycanın müstəqillik tarixində sıx partnyorluq və strateji tərəfdaşlıq münasibətləri qurduğu qonşu dövlətlərdən biri də Gürcüstandır. Oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfəri də bu baxımdan böyük önəm kəsb edir”. Bu fikirləri Milli Məclisin deputatı FatmaYıldırım deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev səfər çərçivəsində mətbuata verdiyi bəyanatında Gürcüstanla strateji tərəfdaşlıq əlaqələrimizin müttəfiqlik səviyyəsinə qalxdığını bəyan edib. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir- birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli formatda. Prezident İlham Əliyevin “mən doğrudan da özümü evimdəki kimi hiss edirəm” deməsi də iki ölkə və xalq arasındakı səmimiyyətin, xoş münasibətin ifadəsidir. Münasibətlərin hazırkı yüksək səviyyəsi isə tarixi ənənələrə söykənir. Əsrlər boyu xalqlarımız daim dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Bugünkü dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub.

Millət vəkilinin sözlərinə görə, iki ölkə arasındakı siyasi dialoqun yüksək dinamizminə uyğun olaraq tərəflərin maraqlarına cavab verən iqtisadi əlaqələr də yüksələn xətlə inkişaf edir. Azərbaycan şirkətləri dost ölkədəki əlverişli investisiya mühitindən bəhrələnərək tikinti, turizm, infrastruktur quruculuğu və digər sahələrə məmnuniyyətlə böyük həcmlərdə sərmayələr yönəldirlər. Bu gün qardaş ölkənin xarici ticarət dövriyyəsində Azərbaycanın payı kifayət qədər yüksəkdir. Ölkəmiz Gürcüstanın xarici ticarət dövriyyəsində Türkiyə və Rusiyadan sonra üçüncü yerdə gəlir.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırm qeyd edib ki, Azərbaycanla Gürcüstan arasında enerji sektorunda nümunəvi əməkdaşlıq münasibətləri formalaşıb. Hər iki ölkə bu sahədə fəaliyyətlərini daim uzlaşdırırlar. Eyni zamanda, son illərdə Azərbaycanın, Türkiyənin və Gürcüstanın iştirakı ilə səmərəli regional əməkdaşlıq platforması yaranıb. Üç ölkənin birgə fəaliyyəti sayəsində regionun inkişafına güclü təkan verən Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi- Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji kəmərləri, həmçinin nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib. Cənub Qaz Dəhlizinin reallaşdırılmasında da üç ölkənin qarşılıqlı səyləri mühüm rol oynayır. Cənub Qaz Dəhlizi layihəsinin resurs mənbəyi rolunda Azərbaycanın zəngin “Şahdəniz” qaz yatağı çıxış edir.

Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. “Beləliklə, həyata keçirilən layihələr regionun daha da inkişafında önəmli rol oynayacaq. Bu layihələr qonşu dövlətlər olaraq Azərbaycan və Gürcüstanın maraqlarına cavab verir”,-deyə millət vəkili vurğulayıb.