YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəngilan Hava Limanının açılışı xalqımız üçün çox əlamətdar hadisədir

Cari ilin oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Hava Limanının açılışı baş tutdu. Açılış mərasimindən sonra hər iki dövlət başçısının Cəbrayıl şəhərində təkbətək görüşü oldu və mətbuata birgə bəyanatlarla çıxış etdilər. Ölkələrimiz və bütün türk dünyası üçün olduqca əlamətdar hadisə olan bu tarixi günlə bağlı açıqlama verən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovun sözlərinə görə Zəngilan şəhərinin erməni işğalından azad olunmasının ikinci ildönümündə Zəngilan Hava Limanının açılışının baş tutması Qarabağ və Şərqi Zəngəzur bölgəsi üçün çox önəmlidir: “Vətən müharibəsində ordumuzun Zəngilan şəhərini işğaldan azad etməsi hərb tariximizin ən şanlı səhifələrindən biri, dövlətimizin və xalqımızın sarsılmaz qətiyyətinin təntənəsi idi. Sevindirici haldır ki, bu zəfərimiz, eyni zamanda Azərbaycan və Türkiyə qardaşlığının, həmrəyliyinin nəticəsi idi. Çünki işğal dövründə olduğu kimi, Vətən müharibəsi zamanı da Türkiyə dövləti və qardaş türk xalqı Azərbaycana dəstəyini əsirgəmədi. Türkiyənin göstərdiyi siyasi, diplomatik və mənəvi dəstək bizlərə əvəzsiz güc və qüvvət bəxş etdi. Hətta bu dəstək ölkəmizə qarşı çirkin kampaniyalarda maraqlı olan, haqlı mübarizəmizə müxtəlif don geyindirərək, dünya ictimaiyyətini çaşdırmağa, yanlış yönləndirməyə çalışanlara və müharibəyə əlavə ölkələri qoşaraq, işğalçı Ermənistana dəstək göstərməyə çalışanlara əsl cavab və iradə nümayişi idi”.

Vüsar İsmayılovun bildirdiyinə görə işğaldan azad edilmiş tarixi torpaqlarımızın yenidən inşa edilməsi, qurulması prosesində də Türkiyə bizim yanımızdadır və bu əzmkarlığı hiss etmək hədəflərimizə ən qısa zamanda çatmağımız üçün çox böyük dəstəkdir. Bu gün azad edilmiş ərazilərimizdə yeni-yeni nəqliyyat qovşaqlarının tikintisi prosesi uğurla davam etdirilir. Təkcə hava limanları deyil, müxtəlif avtomobil və dəmir yollarının, körpü və tunellərin və s. inşası burada görülən və gələcəkdə nəzərdə tutulan işlərin miqyasından xəbər verir. Xüsusi vurğulamaq lazımdır ki, bu inşa işlərinin həyata keçirilməsində Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Görülən işlər onu deməyə əsas verir ki, Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və Azərbaycan bu məsələdə də öz siyasi iradəsini ortaya qoyub.

Keçən il tarixi Şuşa şəhərində iki ölkə arasında imzalanan Şuşa Bəyannaməsini xatırladan rayon təşkilatının sədri qeyd etdi ki, Azərbaycan və Türkiyənin rəsmən müttəfiq olması bölgəyə və dünyaya ciddi mesajdır. Müxtəlif sahələri əhatə edən müttəfiqlik münasibətləri ölkələrimizin inkişafına önəmli töhfə olmaqla yanaşı, eyni zamanda bölgəmizdə sülhün təmin olunması prosesinə təsir edir. Çünki Azərbaycan və Türkiyə regionda ölkələrin və xalqların qarşılıqlı anlaşma və hörmət çərçivəsində əməkdaşlıq etməsində maraqlıdır. Bu istiqamətdə irəli sürülən təşəbbüslər və atılan addımlar hər iki ölkənin mövqeyini açıq ifadə edir. Həmçinin sülhə və sabitliyə xələl gətirmək istəyən, müxtəlif təxribatçı əməllərə və bəyanatlara yol verən dövlətlər anlamalıdır ki, onların heç bir addımı cavabsız qalmayacaq. İstər Ermənistanın, istərsə də onun havadarlarının revanşist niyyətləri və cəhdləri öz layiqli cəzasını alacaq.

Azərbaycan və Türkiyə qardaşlığının, dostluğunun tarixi əsasları var və bu tarixi miras bu gün yüksək səviyyədə davam etdirilir: “Azərbaycanla Türkiyə arasında münasibətlər dövlətlərimizin və türk millətinin maraqlarına xidmət edir. Tarixin bütün dönələrində kədərli və sevincli günlərimizdə bir-birimizə dəstəyimizi əsirgəməmişik. Vətən müharibəsində isə Azərbaycan və Türkiyə həmrəyliyinin ən yüksək pilləyə çatdığının şahidi olduq. Bu bərabərlik bizləri qürurlandırır, gücümüzə güc qatır. Əminik ki, Azərbaycan və Türkiyə bundan sonra da daha da inkişaf edəcək, bu gün olduğu kimi, gələcəkdə də bir çox məsələlərdə əsl söz sahibi olacaq”.