YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: İran nəhayət anlamalıdır ki, heç kim qalib və haqlı Azərbaycanla təzyiq dilində danışa bilməz

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsinin nəticələrini həqiqəqin təntənəsi kimi dəyərləndirdi və  Azərbaycanın bu haqq savaşında  kimin  haqqın, ədalətin, kimin şərin, təcavüzkarın  yanında olduğunu açıq şəkildə bütün dünyaya bəyan etdi. Bu,  yalnız 44 günlük  müharibənin yaratdığı  reallıq deyildi. Azərbaycan 30 il davam edən Ermənistanın  işğalı dövründə sözü ilə əməli vəhdət təşkil etməyən,  ədalətdən, beynəlxalq hüququn əsas prinsipi olan ərazi bütövlüyünün toxunulmazlığından ağızdolusu danışıb konkret addım atmaq zamanı gələndə açıq-aşkar təcavüzkarın yanında olan  dövlətlərin münaqişənin həllinə ikili standartlar mövqeyindən yanaşmasının şahidi oldu. İndi onları  bir daha sıralamağa ehtiyac yoxdur. Xalqımız işğal dövründə həm də ona şahidlik etdi ki, nə zamana qədər maraqlar beynəlxalq hüququ üstələyəcək belə yanaşmalar mövcud olacaq. Bu da  son nəticədə təbii ki, dövlətlərarası  münasibətlərdə əsas faktor olan etimad mühitinin möcudluğunu sual altında qoyacaq, münaqişəli məsələlərin müsbət həllinə öz mənfi təsirini göstərəcək.

Bu gün bütün addımlarında ədalət prinsipini ön planda saxlayan Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin qarşılıqlı maraqlara əsaslanan inkişafı əsas yer tutur. Ən əsası müasir müstəqil Azərbaycan dövlətinin  xarici siyasətinin prinsipləri dəyişməzdir.  Böyüklüyündən, kiçikliyindən,  dost, yaxın ölkə olmasından asılı olmayaraq bütün dövlətlərlə beynəlxalq hüquq, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr qurur, heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir.”

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə diqqəti qonşu İran İslam Respublikasının ədalətlə, beynəlxalq hüququn norma və prinsipləri ilə bir araya sığmayan  mövqeyinə yönəldib: “İşğalçıya dəstək olmaq işğalçılıq siyasətini müdafiə etmək deməkdir. Bunu rəsmi Bakı dəfələrlə ən yüksək  tribunalardan bəyan edib. Eyni zamanda, Azərbaycan  30 illik işğal dövründə istər artıq tarixin arxivinə göndərilmiş  münaqişənin  nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin, istərsə də sözdə bölgədə sülhün, sabitliyin  təmin edilməsində maraqlı olduqlarını bildirən ölkələrin yürütdükləri bu ikiüzlü, anormal siyasətin hansı faciələrə yol açdığını mütəmadi olaraq ən sərt formada aparıcı dünya dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların diqqətinə çatdırıb.

Heç kim unutmamalıdır ki, regionda ədaləti, beynəlxalq hüququ bərpa edən Azərbaycan oldu. İran isə əksinə, istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə Ermənistana sevgisini hər addımında büruzə verdi və bu gün də  həmin ikiüzlü siyasətini davam etdirir. Ermənistanın 30 il davam edən işğalı dövründə İran Qarabağ və Şərqi Zəngəzurda  Azərbaycan xalqına məxsus milli-mədəni irsin məhv edilməsinə, məscidlərin dağıdılmasına və təhqir olunmasına göz yumdu, İrəvanda, Şuşada guya fars mənşəli, əslində isə bu torpaqların əzəli sahibləri olan azərbaycanlılara məxsus bir-iki məscidi bərpa etməklə  Ermənistanın "humanist" simasını qoruyub saxlamağa çalışdı. İran şirkətləri işğal illərində Azərbaycanın zəbt edilmiş ərazilərində qarət və talançılıq prosesində yaxından iştirak etdilər. 44 günlük Vətən müharibəsi dövründə  isə  daha bir məqam diqqətdən kənarda qalmadı. İran  rəhbərliyi ən sonuncular sırasında, artıq müharibənin taleyinin həll edildiyinə və Azərbaycanın şəksiz qələbə qazandığına əmin olduqdan sonra ölkəmizə dəstək ifadə edən bəyanat verdi. Amma müharibənin gedişində Ermənistana silah göndərilməsindən tutmuş Azərbaycanın təhdid olunmasına qədər ölkəmizə qarşı hər cür vasitələrdən istifadə etdi. Özlərini daim haqq, ədalət tərəfdarı kimi göstərən, amma əməllərində fərqli yanaşmalar ortaya qoyan İran rəsmiləri indi Ermənistanın ərazi bütövlüyünün "qırmızı xətt" olması ilə bağlı ardıcıl bəyanatlar verir, Azərbaycana qarşı hədələr səsləndirir, ölkəmizlə sərhəddə hərbi təlimlər keçirir, hətta bu təlimlər zamanı Araz çayını keçməyi məşq etməklə bizə “əzələ” nümayiş etdirir,  bütün mümkün vasitələrlə təcavüzkar Ermənistanın yanında olduqlarını göstərməkdən  belə çəkinmirlər. Belə bir məqamda müsəlmanların qanını axıdan, barbar, faşist xislətli  bir dövlətə dəstək verən İranın İslami dəyərlərin müdafiəsi haqqında danışmağa heç bir mənəvi və siyasi haqqı yoxdur.”

Baş redaktor vurğulayıb ki, İran İnqilab Keşikçiləri Korpusunun Quru Qoşunları bu günlərdə  Ərdəbil və Şərqi Azərbaycan vilayətlərinin  şimalında, Araz çayı yaxınlığındakı  ərazilərdə təlimlərə başlayıb: “Bu təlimlər anti-Azərbaycan xarakterlidir və din pərdəsi ilə cildlənən molla rejiminin ölkəmizə “əzələ” nümayişidir. Digər tərəfdən, təlimlər göstərdi ki, İran ordusu qeyri-peşəkardır, müasir dövrün hərbi standartlarından çox geridə qalıb. Uzun illər tətbiq olunmuş sanksiyalar səbəbindən İran ordusu texnoloji baxımdan 1970-ci illər səviyyəsindədir.”

“İranın “əzələ” nümayişi bu gün heç kimi, o cümlədən də Azərbaycanı qəti narahat etmir” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki,  qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 20-də ölkəmizə səfəri şərçivəsində dövlət başçısı İlham Əliyevlə  Cəbrayıl şəhərində təkbətək görüşdən sonra iki ölkə liderlərinin mətbuata birgə bəyanatlarında da  bu kimi məsələlərə diqqət yönəldildi: “Prezident İlham Əliyevin “Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır”, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır. Yəni, artıq bütün Qarabağla bağlı atılan bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur. Azərbaycan əmin addımlarla yoluna davam edir. Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək” kimi bəyanatları özündə bugünümüz və gələcəyimiz üçün bütün çağırışları, eyni zamanda, narahatlıq keçirən dairələrin  göstərdikləri cəhdlərə cavabı əks etdirir. İran anlamalıdır ki, Azərbaycanın atdığı addımlar, o cümlədən də Zəngəzur dəhlizinin reallaşdırılması heç kimə qarşı yönəlməyib, əksinə, bölgənin inkişafına əsaslı töhfə vermək məqsədi daşıyır.”

Vüqar Rəhimzadə diqqəti İranın   ermənipərəst və anti-Azərbaycan siyasətinin göstəricisi olan bu məqama da  yönəldib: “Türkiyə Prezidenti R.T.Ərdoğanın Azərbaycana səfəri zamanı İranın xarici işlər naziri Əmir Abdullahian da İrəvana səfər etdi. Bu addım bizi 30 illik işğal dövründə fəaliyyətsizliyi ilə Azərbaycan dövlətinin haqlı narazılığına səbəb olan ATƏT-in Minsk qrupu həmsədrlərinin tərkibinin dəyişdirilməsi, Türkiyənin vasitəçiliyi məsələsi gündəmə gətiriləndə Ermənistanın daş atıb başını tutmasını xatırlatmaq məcburiyyəti qarşısında qoyur. Belə ki, Ermənistanla İranın bir-birinə dəstəyi, sevgisi o qədər böyükdür ki, işğalçı dövlət zaman-zaman Türkiyənin deyil, İranın vasitəçiliyini məqsədəuyğun hesab edirdi. Qardaş Türkiyə birtərəfli mövqe nümayiş etdirməkdə, Azərbaycanın yanında olmaqda günahlandırılırdı. Ermənistan dərk etmək istəmirdi ki, burada söhbət hansısa dövlətin deyil, haqqın, ədalətin yanında olmaqdan gedir ki, Türkiyə də həmin addımı ataraq daim ədalətə dəstəyini ifadə edir. İranın isə bir qayda olaraq bütün addımlarında  işğalçı Ermənistana dəstək göstərməsi aydın   ifadə olunub və təəssüf ki, bu gün də ifadə olunmaqdadır. İran işğal dövründə Ermənistanla siyasi, iqtisadi-ticarət, humanitar əlaqələrini inkişaf etdirib, işğalçı dövlətlə birgə layihələr həyata keçirib. İran rəhbərləri müntəzəm qaydada Ermənistanın Koçaryan və  Sarkisyan kimi əlləri Azərbaycan xalqının qanına batmış cəllad rəhbərlərinə qucaq açıb, İran-Ermənistan dostluğu və qardaşlığı haqqında bəyanatlar veriblər. Bütün bunlar təkzibolunmaz  faktlardır.”

“Bu gün Azərbaycanın tarixi Zəfərini həzm etməyərək işğalçı Ermənistana dəstək olan ölkələr arasında İranın da adının çəkilməsi təəssüf doğurur. Regionda dayanıqlı sülhün, təhlükəsizliyin bərqərar olması fonunda yeni əməkdaşlıq formatlarının işlənib hazırlanmasına geniş imkanların yaradıldığı, Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmaq istiqamətində addımlar ataraq yeni səhifə açmaq istəyini nümayiş etdirdiyi, istər region, istərsə də dünya dövlətlərindən  bu prosesin sürətlənməsinə dəstəyin göstərilməsinə, Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur etməyə  çağırışlar etdiyi indiki məqamda İranın  vəziyyəti gərginləşdirmək cəhdi, ədaləti, beynəlxalq hüququ ayaq altına atması  birmənalı qarşılana bilməz.  Bu gün İranın təsiri altında olan, bu ölkənin müxtəlif mənbələrindən maliyyə alan iranmeyilli "5-ci kolon" fəalları başa düşməlidirlər ki, onlardan öz xalqına və dövlətinə, ölkəmizin milli maraqlarına qarşı istifadə edirlər.  Din pərdəsi altında gizlənən İran mollaları çirkin niyyətlərini həyata keçirmək üçün  Azərbaycan daxilində öz dayaq nöqtələrini formalaşdırmağa çalışır, təxribatlar üçün yeni ssenarilər hazırlayırlar. Bu şəbəkə ifşa olunmalıdır, onların fəalları Azərbaycan cəmiyyətinə təqdim edilməli və ən sərt şəkildə qınaq obyektinə çevrilməlidirlər. Azərbaycanın müstəqilliyinə qarşı bütün cəhdlərin qarşısı daim qətiyyətlə alınıb və alınacaq. Azərbaycan müstəqil dövlətdir. Heç bir dövlətin diktəsi ilə oturub durmur.  Qalib və haqlı Azərbaycan  İrana bir daha bu çağırışı edir ki,  heç kim ölkəmizlə təhdid, təzyiq dilində danışa bilməz”,-deyə Vüqar Rəhimzadə bildirib.