YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yenidən qurulan Qubadlı tezliklə sakinlərini qarşılayacaq

Nihad Pənahov

Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının sədri

Bugünümüzün qürurverici hadisələrindən biri torpaqlarımızın işğaldan azad edilməsi günlərinin qeyd olunmasıdır.  Yaşadığımız bu qürurlu anlara, tariximizin şərəfli günlərinə görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq. Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik.

Dövlət başçısı İlham Əliyev ötən il Qubadlı rayonunun işğaldan azad edilməsinin ildönümündə  rayon ictimaiyyəti nümayəndələri ilə görüşündə “Bu gün bu şanlı Qələbədən danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik” söyləyərək bildirmişdi ki,  Azərbaycan xalqı, indiki  və gələcək nəsillər həmişə şəhidlərimizlə fəxr edəcək. Azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr salınacaq, adları məktəblərə veriləcək. Artıq bu proses başlamışdır. 

Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad etməklə ermənilərin illərdir yaratdıqları mifləri, eyni zamanda, bu torpaqlarda qurduqları istehkamları dağıtdılar. Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında dayana bilməyən erməni silahlı qüvvələri hərbi texnikanı, silah-sursatı qoyub qaçdılar. Dünyaya bir daha sübut olundu ki, ən güclü ordu Azərbaycan Ordusudur. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər  götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədilər.  Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu.

Qubadlı azad olunandan sonra Laçın istiqamətində yol açıldı və bir neçə gündən sonra Laçının cənub hissəsində yerləşən kəndləri də azad edildi və beləliklə, Laçın dəhlizi nəzarətə götürüldü. Qubadlıdan sonra Ordumuz zəfər yürüşünü, zəfər missiyasını şərəflə davam etdirərək  noyabrın 8-də Şuşada Azərbaycan Bayrağını ucaltdılar.  Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi.  Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan  Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu  Prezidentin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdi.

Qubadlı yeni inkişaf dövrünü yaşayır. Qubadlı şəhəri və işğaldan azad edilən 41 kənd yenidən qurulur. İşğaldan azad edilmiş bütün şəhər və kəndlərimiz müasir dövrün tələbləri əsasında qurulur, soydaşlarımızın yüksək yaşayışının təmin edilməsi üçün zəruri olan bütün işlər görülür. “Ağıllı şəhər” və “ağıllı kənd” layihəsi əsasında  qurulan torpaqlarımız dünyanın diqqətindədir. Azərbaycanın iki ildə bu ərazilərdə gördüyü bərpa-quruculuq işlərini ermənilərin 30 illik işğal dövründə törətdikləri dağıntılarla müqayisə edəndə dünya bir daha ermənilərin necə vəhşi millət olduğunun şahidinə çevrilirlər. Azərbaycan xalqı qurucu, tarixinə, hər qarış torpağına sahib çıxan xalqdır. Dövlət başçısı İlham Əliyev daim ən yüksək tribunalardan bəyan etdi ki, bir qarış torpağımızı belə düşmənə verməyəcəyik.

İşğaldan azad edilmiş şəhərlərimizin Baş planları təqdim edilir. Əsas diqqət çəkən məqam bərpa-quruculuq işlərində qədimliklə müasirliyin sintezinin yaradılmasıdır. Bu məqam Qubadlı şəhərinin Baş planında da öz əksini tapıb.  Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Yeni  inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Yol infrastrukturunun yenilənməsinə xüsusi diqqət göstərilir. Rayon ərazisində dördzolaqlı yol  Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək. Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir ki, bu yoldan insanlar rahat istifadə etsinlər. Burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün əlavə imkanlar yaranacaq. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın  Qubadlı rayonuna səfərlərinin hər biri qubadlıların Böyük Qayıdışını sürətləndirən  addımlarla zəngindir.