YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Türk dünyası Türk Dövlətləri Təşkilatının üzvləri olan milli dövlətlərin sərhədlərindən qat-qat genişdir

Türk dünyası Türk Dövlətləri Təşkilatının üzvləri olan milli dövlətlərin sərhədlərindən qat-qat genişdir. Buna görə də əminəm ki, bizim humanitar əlaqələrimizə, insanlar arasında, geniş dünya coğrafiyasında yaşayan türkdilli xalqların nümayəndələri ilə əlaqələrə gələcəkdə də ehtiyac olacaq.

Bu barədə Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən bildirib.

“Hər halda, Azərbaycanda öz tərəfimizdən bizim təşkilatımıza daxil olan ölkələrin birliyini möhkəmləndirmək üçün hər şeyi edəcəyik, dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, - on milyonlarla qan qardaşlarımızı, - dəstəkləyəcəyik. Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident qeyd edib ki, taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik.