YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: “Ağıllı kənd” layihəsi məşğulluğa və iqtisadi inkişafa töhfə verir

“Böyük Qayıdışın ilk müjdəsi olan Zəngilanın Ağalı kəndində istifadəyə verilmiş “Ağıllı kənd”də yaradılmış bütün zəruri infrastrukutlar, sosial obyektlər, müxtəlif xidmət və təminat sahələri burada yaşayan insanların iş yerləri ilə təmin edilməsində də mühüm rol oynayır”.

Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, kənddə inşa edilmiş məktəb, səhiyyə müəssisəsi, bağça, tibb məntəqəsi, “ASAN” Xidmət, “DOST” mərkəzi, bank, mağazalar, iaşə obyektləri, kiçik və orta biznesə dəstək üçün zəruri şəraitlərin yaradılması burada 100-lərlə iş yerinin yaradılmasına imkan verir. Həmçinin, "Ağıllı kənd" layihəsi çərçivəsində burada yaşayan ailələrin mikro bizneslə məşğul olması üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti birgə əməkdaşlıq çərçivəsində müxtəlif layihələrin icrası nəzərdə tutulur. Eyni zamanda, ərazidə kənd təsərrüfatını inkişaf etdirmək üçün tədbirlər görülür. Bütün bunlar məşğulluğun tam şəkildə təmin edilməsi deməkdir.

Deputat bildirib ki, bu ərazidə yeni müəssisə və xidmət sahələrinin yaradılması, kənd təsərrüfatı və emal obyektlərinin icrası bölgədə iqtisadi fəallıq üçün əlverişli imkanlar deməkdir. Bu müəssisələrdə çalışan insanlar, sahibkarlıqla məşğul olanlar istehsal, emal və satış şəbəkəsi qurmaqla həmin ərazinin, Zəngilanın iqtisadi inkişafına və ümumilikdə ölkəmizin iqtisadiyyatına töhfə verəcəklər.

A.Hüseynov deyib ki, işğaldan azad edilmiş ərazilər, o cümlədən Zəngilan rayonu zəngin təbii sərvətlərə, mineral və iqtisadi resurslara və əlverişli coğrafi potensiala və turizm imkanlarına malikdir. Bu rayonun ərazisində mis, alinimum, qurğuşun, mişar daşı, civə, üzlük daşı, tikinti daşı, sement xammalı və s. ehtiyatlar mövcuddur. Eləcə də, Zəngilan və Ağalı kəndi aqrar ehtiyatlarına görə, zəngindir. Bu rayonda vaxtilə üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlıq inkişaf etmişdir, hazırda ərazi minalardan təmizləndikcə, yenidən əkinçilik üçün imkanlar təmin edilir. Bütün bunlar onu göstərir ki, bu əraziyə xarici investorların marağı böyükdür. Ona görə də, hökumət bu bölgəyə investorların cəlb edilməsi üçün təşviqedici siyasət yürüdür, müxtəlif iqtisadi stiumullar və güzəştlər tətbiq etməyi planlaşdırır. Prezident “İlham Əliyevin bir müddət əvvəl təsdiq etdiyi “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncama əsasən, bu ərazilərdə fəaliyyət göstərən sahibkarlara vergi, gömrük, sosial sığorta, kommunal xidmətlər üzrə güzəştlər veriləcək, onların maliyyə resurslarına çıxış imkanları genişləndiriləcək, investisiyaları təşviq olunacaq və bu istiqamətdə zəruri dövlət dəstəyi gücləndiriləcək.

Deputat qeyd edib ki, azad edilmiş torpaqlar, həmçinin Zəngilan rayonu “yaşıl enerji” ehtiyatları ilə seçilir. Bu ərazilər yaşıl enerji zonası elan edilib. Prezident İlham Əliyevin Sərəncamında da “yaşıl artım” yaradan və bərpa olunan enerji mənbələrindən istifadə edən investorların dəstəklənməsinə xüsusi üstünlük verilməsi nəzərdə tutulub. Bütün bunlar gələcəkdə Zəngilanın inkişafında, bura öz evinə dönən insanların işlə təmin olunması, iqtisadi fəallığı və sosial rifahının təmin edilməsində mühüm rol oynayacaq.