YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Azad Zəngilan həyatının yeni mərhələsini yaşayır

“İki il  öncə dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində torpaqlarımızın 30 illik işğalına son qoyuldu, ərazi bütövlüyümüz təmin edildi, tarixi Zəfərimiz dünyaya səs saldı.  Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci tarixli üçtərəfli Bəyanatın imzalanmasına qədər ordumuzun  Zəfər yürüşünü addım-addım izlədikdə hər anın tariximizə Qələbə səhifəsi kimi yazıldığını böyük qürur hissi ilə qeyd edirik.  Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı. Oktyabrın 20-də Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa növbəti qələbə müjdəli  müraciətində  Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini bildirdi. Ümumilikdə Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Fərəhli haldır ki, qalibiyyətimizin rəmzi olan üçrəngli bayrağımız bu gün digər torpaqlarımız kimi, Zəngilanda da  qürurla dalğalanır. Xalqımız bu anları səbirsizliklə gözləyirdi və əmin idi ki, dövlətimizin uğurlu və düşünülmüş siyasəti nəticəsində torpaqlarımız tarixi sahiblərinə qovuşacaq. Dövlət  başçısı İlham Əliyev hər bir çıxışında  bu əminliyi  ifadə edirdi ki, biz bu torpaqlara qayıdacağıq. Qarabağ Azərbaycandır!

Otuz il düşmən tapdağı altında qalan, tamamilə dağıdılan, yerlə-yeksan olunan  torpaqlarımızda iki ildir həyat qaynayır. Bərpa-quruculuq işlərinin ölçüyəgəlməzliyi görülən işlərin miqyasında  özünün aydın ifadəsini tapır. Bu gün  digər işğaldan azad edilən torpaqlarımız kimi, Zəngilan  da həyatının yeni mərhələsini yaşayır.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayb ki,  iki ildir torpaqlarımızın işğaldan azad edildiyi tarixləri qeyd etdiyimiz üçün qürurluyuq: “Biz bu torpaqlara gec-tez qayıtmalı  idik. Azərbaycan bu illər ərzində hər bir sahədə gücləndi, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı, müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun maddi-texniki bazası möhkəmləndirildi, döyüş ruhu artdı, gənclərimizə torpaq, Vətən sevgisi aşılandı. Müstəqilliyimizin bərpasının ilk illəri ilə  bugünümüzü müqayisə etdikdə  tamamilə fərqli bir Azərbaycanı görməklə yanaşı, ordumuzun gücü, qüdrəti beynəlxalq səviyyədə  təqdir edilir,  ən əsası ordu quruculuğu sahəsində görülən işlər gənclərimizi daha da ruhlandıraraq onların hərbi xidmətə  böyük ruh yüksəkliyi ilə getmələrini şərtləndirir. Hansı ki, müstəqilliyimizin bərpasının ilk illərində vəziyyət tamamilə fərqli idi. Orduda fərarilik  baş alıb gedirdi,  gənclərimiz hərbi xidmətdən yayınırdılar.  Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan Ordusu  dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Bu, dövlətimizin uğurlu  və gələcəyə hesablanmış  siyasətinin  nəticəsidir.  Ulu öndər Heydər Əliyev daim bu çağırışı edirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır.”

“Dövlət başçısı İlham Əliyevin digər sahələr kimi, ordu quruculuğuna  göstədiyi diqqət və qayğı  tarixi Zəfərimizdə   özünün aydın ifadəsini tapdı” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki,  44 günün hər anında irəliyə doğru addımlayan, torpaqlarımızın işğaldan  azad edilməsindən  qürurlanaraq, döyüş ruhunu daha da artıran Azərbaycan əsgərləri  canları, qanları ilə  tarix yazmaqla bir daha sübut etdilər ki,  torpaq, əgər uğrunda ölən varsa Vətəndir”,- deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, bugünümüzün əsas hədəfi azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərini uğurla başa çatdırmaq və soydaşlarımızın tam şəkildə Böyük Qayıdışını həyata keçirməkdir: “Artıq Böyük Qayıdışın ilk addımı atıldı. İşğaldan azad edilmiş bütün şəhər və kəndlərimiz “ağıllı şəhər” və “ağıllı kənd” strategiyası əsasında qurulur. Zəngilanın Ağalı kəndi bu layihənin reallaşdığı ilk məkan oldu. Bu il iyul ayının 19-dan Zəngilanın Ağalı kəndinə əhalinin dörd mərhələdə köçürülməsinə start verildi.  Köçürülən ailələr, əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər. Bu gün Ağalı kəndinin sakinləri onlar üçün yaradılan şəraitdən məmnundurlar. Dövlət başçısı İlham Əliyev və birinci  xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan rayonuna səfərləri çərçivəsində Ağalı kəndinin sakinləri ilə görüşdülər. Sakinlər  burada onlar üçün müasir tələblərə cavab verən hər bir şəraitin yaradıldığını böyük məmnunluq hissi ilə qeyd etdilər. Bu gün artıq hər bir yeniliyi bu kəndin timsalında görmək mümkündür.”

YAP Xətai rayon təşkilatının  sədri bu mühüm məqamı da xüsusi qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizdə  istifadəyə verilməsi nəzərdə tutulan üç Beynəlxalq Hava Limanından daha birinin - Zəngilan Beynəlxalq Hava Limanının bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı oldu: “Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə də  tanış oldular. Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanı Şərqi Zəngəzurun mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti bu diyarın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcəyi günü yaxınlaşdırmaqdadır. Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur. Atılan bu kimi mühüm addımlar tarixi Qələbəmizin beynəlxalq aləmdə təsdiqinə, eyni zamanda, bu torpaqların malik olduğu  turizm imkanlarından səmərəli istifadəyə geniş imkanlar yaradır. Ümumilikdə hər bir bölgənin inkişafında  yol infrastrukturu mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı İlham Əliyev bu ərazilərdə bərpa-quruculuq işlərinə start verilən zaman ilk olaraq infrastruktur layihələrinin uğurlu icrasını qarşıya mühüm vəzifə kimi qoydu.”

Vüqar Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyevin    digər işğaldan azad edilmiş ərazilərimiz kimi, Zəngilana da hər səfəri  yeni sosial obyektlərin təməlinin qoyulması və açılışı ilə yadda qalır: “Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Zəngilan rayonunun işğaldan azad edilməsinin ikinci ildönümündə bu rayona səfərləri də bu baxımdan zəngindir. Belə ki, dövlətimizin başçısı və birinci xanım Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi və sakinlərlə görüşdülər, Arximed turbini tipli Su Elektrik Stansiyasını işə saldılar, Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış oldular, Zəngilan şəhərində ilk yaşayış binasının və məktəbin təməlqoyma mərasimlərində iştirak etdilər. Göründüyü kimi atılan addımların davamlılığı ölkəmizin iqtisadi imkanlarının, xalqımızın nə qədər qurucu xalq olduğunun təqdimatıdır.”