YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Estoniyada keçirilən konfransda “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti yüksək qiymətləndirilib

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı və Estoniyanın Elektron Hökumət Akademiyasının təşkilatçılığı ilə mayın 12-13-də Tallində ölkəmizin elektron hökumət sahəsində qazandığı təcrübəyə həsr olunan konfrans keçirilib.

Şuradan bildiriblər ki, toplantıya dünyanın müxtəlif ölkələrini təmsil edən 200-ə yaxın dövlət rəsmisi, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıblar.

Konfransda çıxış edən Estoniya Prezidenti Toomas Hendrik İlves tədbirin mühüm və aktual mövzuya həsr olunduğunu deyərək elektron hökumət sahəsində qazanılan təcrübələrin paylaşılmasının faydalı olduğunu vurğulayıb.

Toplantıda ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.

Elektron Hökumət Akademiyasının icraçı direktoru Arvo Ott çıxış edərək Azərbaycanda “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirib. O, “ASAN xidmət” mərkəzlərinin vətəndaşlara xidmət sahəsindəki uğurlarına görə Dövlət Agentliyinin şöbə müdiri Ceyhun Sultanova fəxri diplom və mükafat təqdim edib.

Konfransın ikinci günü iştirakçılara “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti haqqında məlumat verilərək bildirilib ki, 10 dövlət qurumunu birləşdirən “ASAN xidmət” mərkəzləri vətəndaşlara effektiv və şəffaf şəkildə xidmətin göstərilməsini təmin edən nadir bir modeldir. İnnovativ yeniliklərin tətbiqi xidmətlərin sürətli şəkildə həyata keçirilməsini təmin edir. “ASAN xidmət” mərkəzlərində 500-ə yaxın könüllünün çalışdığı da diqqətə çatdırılıb.

Tədbirdə Azərbaycan nümayəndə heyətinin üzvləri “ASAN xidmət”lə bağlı sualları cavablandırıblar.

Konfrans Estoniyanın bir sıra media qurumları tərəfindən geniş işıqlandırılıb.