YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərdə Müstəqilliyin Bərpası Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.

Öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində əldə olunub. Azərbaycan xalqı ötən əsrin əvvəllərində müstəqil respublika qurub, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib. Beləliklə, 1918-ci ildə İstiqlal bəyannaməsinin qəbul olunduğu 28 may Azərbaycan Respublikasında Müstəqillik Günü, 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü hesab olunması haqqında qanun qəbul edilib. Qeyd olunub ki, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıdışından sonra əldə edib. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev özü ilə bərabər Azərbaycan siyasi mühitinə müdriklik də gətirdi. Məhz Ümummilli Liderin zəngin siyasi və yüksək idarəçilik təcrübəsi, Vətənə tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini bütün təhlükələrdən qurtardı.

Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Zabil Paşayev, Tərtər şəhər 1 saylı tam orta məktəbin direktor müavini İntiqam Nuruyev, Tərtər rayon Hacıqərvənd kənd tam orta məktəbin direktoru Sitarə Xəlilova, Tərtər şəhər 3 saylı ümumi orta məktəbin müəllimi Kifayət Kərimova çıxışlarında ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə növbəti mərhələnin - inkişaf, tərəqqi dövrünün əsasının qoyulduğunu vurğulayıblar.

Bildirilib ki, Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü daxili və xarici siyasət dövlətimizin daha da güclənməsinə, regionda aparıcı lider ölkə olmasına gətirib çıxarıb. Çıxış edənlər şanlı Zəfər gününün xalqımızın qəlbində və zehnində qəhrəmanlıq salnaməsinə çevrildiyini söyləyiblər.