YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransanın Azərbaycan və Ermənistan arasındakı münasibətlərə heç bir aidiyyəti yoxdur

“44 günlük Vətən müharibəsindəki Zəfərlə Azərbaycan 30 ilə yaxın bir müddətdə mövcud olmuş münaqişəni beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həll etdi. Ötən müddət ərzində münaqişənin həlli istiqamətində müxtəlif təşəbbüslər olsa da, ATƏT-in Minsk qrupunun həmdsədrlərinin çoxsaylı səfərləri baş tutsa da, nəticə sıfıra bərabər oldu. Heç şübəsiz ki, ATƏT-in Minsk qrupunun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Onların vasitəçiliyi ilə danışıqların aparılması isə münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi. Belə bir reallıqlar fonunda Vətən müharibəsindən sonra yenidən “vasitəçilik” oyunlarının ortaya atılması Azərbaycana qarşı atılan növbəti məkirli addımların göstəricisidir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, hazırda Azərbaycan-Ermənistan arasındakı proseslərə Fransanın müdaxiləsi cəhdlərinə də rast gəlinir. Lakin aydındır ki, ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına ehtiyac olmadığı kimi Fransanın da Azərbaycan və Ermənistan arasındakı münasibətlərə heç bir aidiyyəti yoxdur: “Çünki Fransa erməni lobbisinin təsiri altındadır. 30 illik vasitəçilik dövründə də ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa daim Ermənistanın yanında olub. Təsadüfi deyildir ki, Fransa bu gün də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına mane olur, Brüssel formatını pozmağa çalışır. Bunu bilən Azərbaycan ictimaiyyəti də öz qəti şəkildə Fransanın iştirakı ilə keçirilən bütün görüşlərdən imtina etməyi tələb edir. Xalqımız yaxşı bilir ki, 30 il ərzində keçmiş münaqişənin həll olunmamasının əsas səbəblərindən biri Fransanın açıq ermənipərəst mövqe tutması olub. İndi bunu açıq şəkildə etiraf edən Fransa bilməli və qəbul etməlidir ki, Azərbaycan bu dövlətin   vasitəçi olduğu formata yol verməyəcək”.

“Fransanın xarici işlər naziri Azərbaycanın əleyhinə yalan bəyanatlar verib, Fransa Senatı və aşağı palata İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul ediblər. Gələn aya isə Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə hazırlanır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, xalqımız Fransanın hər zaman anti-Azərbaycan mövqeyində dayandığının, istismarçı, riyakar siyasət yürütməsinin şahidi olub. Ona görə də, heç bir halda Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına vasitəçi olması qəbul edilə bilməz.