YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ədalət və beynəlxalq hüquq münasibətlərin inkişafında prioritetdir

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Azərbaycan 30 illik işğal dövründə yaşadığı faciələrə, təxribatlara rəğmən Ermənistana sülh təklifini etdi. Ölkəmizin irəli sürdüyü sülh təklifi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Ermənistan hələ də tərəddüdləri ilə diqqətdədir. Baxmayaraq keçirilən Brüssel, bu günlərdə isə Praqa görüşündə Ermənistanın baş naziri sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu bildirir, yekunda imzalanan Bəyanatda əksini tapan müddəaları dəstəkləyir, ölkəsinə qayıtdıqdan sonra tamamilə fərqli bir yanaşma nümayiş etdirir. Dövlət başçısı İlham Əliyev bu günlərdə Qazaxıstana işgüzar səfəri zamanı iştirak etdiyi MDB Dövlət Başçıları Şurasının iclasında bu kimi məqamları bir daha diqqətə çatdırdı. “Münaqişədən sonrakı vəziyyət müxtəlif cür inkişaf edir. Buna görə də həmkarlarımı son dövrlər ərzində baş verənlərlə bağlı məlumatlandırmaq istərdim” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, sentyabrda Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşmalar baş verdi. Bu silahlı toqquşmaların səbəbləri bəllidir – Azərbaycana münasibətdə terror, ilk növbədə, mina terroru və snayper terroru davam edir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşı əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olub, ya da ciddi xəsarət alıb. Eyni zamanda, bizim tərəfimizdən Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb. Bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb. Həmçinin Azərbaycanın bir hərbi mövqeyindən digərinə aparan yollar minalanıb.

Ermənistanın təxribatlarının qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınır. “Dəmir yumruq” əməliyyatının davamı olaraq “Qisas” və “Qətiyyətli cavab” dərsləri Ermənistanı və ona dəstək olan dövlətləri ciddi düşündürməlidir. Dövlət başçısı İlham Əliyev MDB-nin tribunasından həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqla postmünaqişə dövrünün hədəflərini açıqladı. Çıxışında bu və ya digər məsələlərdən geniş bəhs edən dövlət başçısı İlham Əliyev qeyd etdi ki, Azərbaycan dördtərəfli görüşün, o cümlədən Fransa Prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verməsinə baxmayaraq, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur: “Bəli, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyası var idi, lakin Qarabağ münaqişəsi nizamlandığına görə Minsk qrupunun xidmətinə heç bir ehtiyac yox idi, özü də bu xidmətlər, artıq dediyim kimi, əgər belə demək mümkündürsə, faydadan daha çox ziyan gətirən xidmətlər idi, Minsk qrupu heç bir iş görməyib, ərazimizin bir santimetr torpağı belə azad edilməmişdi, - Azərbaycan xoş məram göstərərək, Fransa Prezidentinə bu görüşdə iştirak etməyə icazə verdi. Avropa İttifaqı Şurası Prezidentinin iştirakına gəlincə, bildiyiniz kimi, Brüsseldə artıq bir neçə üçtərəfli görüş keçirilib və prinsipcə, biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması işində Avropa İttifaqının səylərini həmişə dəstəkləmişik. Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi.”

Makron bəyanatlarında Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandırıb, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə apardı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik.

Bəzi dünya güclərinin ikili standartlara əsaslanan siyasətini hər zaman öz üzərində hiss edən Azərbaycan postmünaqişə dövründə də belə bir vəziyyəti yaşamaqdadır. Ermənistan 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmir, dünya yenə də kənardan baxmağı yeganə çıxış yolu hesab edir. Bütün bu həqiqətləri tədbir iştirakçılarına çatdıran dövlət başçısı İlham Əliyev bildirdi ki, baş verənlər barədə müxtəlif versiyalar dolaşır. İstədim ki, həqiqi versiyanı özümdən eşidəsiniz.

Göründüyü kimi, Azərbaycan istər ikitərəfli, istərsə də çoxtərəfli çərçivədə ədalət və beynəlxalq hüquq prinsiplərini öndə saxlamaqla münasibətlərin yeni prioritetlər üzrə inkişafında maraqlıdır.

Bu baxımdan dövlət başçısının Qırğızıstana dövlət səfəri də diqqətdən kənarda qalmır. Azərbaycanla Qırğızıstan arasında dövlətlərarası münasibətlərin inkişaf etdiyi hazırkı mərhələdə əsas hədəf- Strateji tərəfdaşlıq haqqında Bəyannamədən irəli gələn vəzifələri yüksək səviyyədə yerinə yetirməkdir. Səfər çərçivəsində imzalanan sənədlər, atılan addımlar Azərbaycanın türkdilli dövlətlərlə münasibətlərinin inkişafında maraqlı olduğunu təsdiqləyir.