YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana dövlət səfərindən sonra Qazaxıstana səfər edərək Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6–cı Zirvə Toplantısının plenar iclasında iştirak və çıxış edib. Məlum Zirvə görüşündəki çıxışında Prezident İlham Əliyev beynəlxalq münasibətlərin bir sıra vacib problemləri ilə bərabər növbəti dəfə postmünaqişə problemləri ilə bağlı ölkəmizin haqlı, əsaslandırılmış mövqeyini ifadə edib. Bu səfərdə  diqqəti çəkən digər vacib məqam bu səfərlərin Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirakdan sonra reallaşdırılmasıdır. Həm Praqaya, həm də Mərkəzi Asiya dövlətlərinə reallaşdırılan səfərlər müddətində əldə olunan nəticələr, Azərbaycan Prezidentinin diplomatik fəallığı ölkəmizin Avrasiya məkanında mövqeyinin güclənməsinə xidmət edir. Eyni zamanda, təbii ki, qeyd olunan diplomatik səfər trayektoriyası Azərbaycanın bu məkanda artan geostrateji əhəmiyyətindən xəbər verir. Bu əhəmiyyət, yalnız nəqliyyat–kommunikasiya, enerji sferalarında deyil, o cümlədən, təhlükəsizlik, siyasi dialoqun inkişaf etdirilməsində də ifadə olunur. Bu, həyata keçirilən çoxvektorlu, balanlaşdırılmış xarici siyasət ölkəmizi əks qütblərdə dayanan güc mərkəzləri arasında körpü rolunu oynamasını təmin edir.

Əsas məqsədi Asiyada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün çoxtərəfli yanaşmaları inkişaf etdirməklə əməkdaşlığı gücləndirmək olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı AQEM-in çağırılması barədə təşəbbüsün 30-cu ildönümünə həsr edilib və Qazaxıstanın sədrliyi ilə keçirilib. Zirvə Toplantısında 11 dövlət başçısı - Azərbaycan, Türkiyə, Rusiya, İran, Özbəkistan, Qırğızıstan, İraq, Fələstin, Tacikistan prezidentləri, Pakistanın Baş naziri, Qətər Əmiri, eləcə də Vyetnamın vitse-prezidenti, Çin Xalq Respublikası Sədrinin müavini və beş nazir, həmçinin AQEM-in dövlət müşahidəçisi olan Belarus Prezidenti iştirak ediblər.

Prezident İlham Əliyev Zirvə Toplantısının plenar iclasında dərin məzmunlu çıxış edərək regionda baş verən proseslər, Ermənistanın 30 illik işğalçılıq siyasətinin nəticələri və  hərbi təxribatları, Azərbaycanın sülh təşəbbüsləri və digər önəmli məsələlər haqqında fikirlərini bildirib. Dövlət başçısının vurğuladığı kimi, Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədib. Birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin sayılır. Onların əksəriyyəti işgəncələrə məruz qalıb, öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Bu il ərzində bir neçə kütləvi məzarlığın aşkar edilməsi də bunu təsdiqləyir. Azərbaycanın tələblərinə baxmayaraq, Ermənistan itkin düşmüş vətəndaşlarımızın və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat verməkdən imtina edir. Bundan əlavə, Azərbaycanın üzləşdiyi digər ciddi problem isə 30 il işğal altında qalmış ərazilərimizin minalanmasıdır. Dövlətimizin başçısı bu problemi də Zirvə Toplantısında xüsusi olaraq qeyd edib.

Qeyd etmək lazımdır ki, Zirvə Toplantısı çərçivəsində Prezident İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi və Rusiya Federsiyasının Prezidenti Vladmir Putinlə görüşləri ikitərəfli əlaqələrin daha da genişləndirilməsi baxımından önəmlidir. Təbii ki, Prezident İlham Əliyev milli maraqları rəhbər tutaraq bu ali platformanın imkanlarından maksimal şəkildə istifadə etdi. Dövlətimizin başçısı istər ikitərəfli görüşlərdə, istərsə də AQEM-in plenar iclasındakı tarixi çıxışında reallıqları bir daha bəyan edərək, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini ali tribunadan bütün dünyaya çatdırdı. Azərbaycan Prezidenti çıxışı və ifadə etdiyi fikirlərin əhəmiyyəti ilə iclasın auditoriyasının çoxtərkibli olması isə xüsusi çalar qatdı. Bütövlükdə, bütün bunlar Azərbaycan dövlətinin dünyada artan nüfuzunun və siyasi çəkisinin göstəricisidir.