YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkdilli ölkələr arasında möhkəm təməl üzərində qurulan münasibətlər yüksələn xətlə inkişaf edir

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

İki ildir tarixi Zəfərimizin yaratdığı reallıqların bütün sahələrdə yeniliklərə yol açdığının şahidiyik. Qalib Azərbaycan həm daxili, həm də xarici siyasətində müəyyən yenilikləri ilə dünyanın diqqətindədir. Daxildə yaranan yenilikləri şərtləndirən əsas amil təbii ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri, onların sürətləndirilməsi və bu ərazilərin malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə yeni Dövlət proqramlarının təsdiqlənməsi və icra mexanizmlərinin müəyyənləşdirilməsidir.  Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi təkmil islahatlar bu ərazilərin idarəçilik sistemində də özünün aydın ifadəsini tapır. Xarici siyasətə gəldikdə isə ölkəmizin hər zaman olduğu kimi, bu gün də ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti öz sözünü deməkdədir. İstər dünya birliyinlə, istərsə də türk dünyasında Azərbaycanın söz sahibliyi bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Azərbaycan tarixi Zəfəri ilə bir daha dünyaya ədalətin və beynəlxalq hüququn əsas olduğunu, ölkəmizin mövqeyinin bu prinsiplərə əsaslandığını bəyan etdi.

Dövlət başçısı İlham Əliyevin “Avropa siyasi birliyi” Zirvə Toplantısının ardınca Qırğızıstana dövlət, ondan sonra Qazaxıstana işgüzar səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinə, həmçinin Qərblə Şərq arasında  əməkdaşlıq körpüsü roluna yeni əlavələr etdi.

Qırğızıstana ilk dövlət səfərini edən Prezdient İlham Əliyev keçirdiyi  görüşlərdə, eyni zamanda, Prezidentlərin mətbuata bəyanatlarında  səmimi münasibətə, qonaqpərvərliyə görə Qırğızıstan Prezidentinə təşəkkürünü ifadə etdi. Dövlət başçısı cari ildə iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinə diqqəti yönəldərək bildirdi ki, bu, nəzərdə tutduqlarımızı daha tez həyata keçirmək niyyətimizi göstərir:"Bir qayda olaraq, cavab səfərləri bir ildən tez baş tutmur. Bizim halda bu, yarım il çəkdi. Bu, məhz onu nümayiş etdirir ki, biz nəticələrə hədəflənmişik.”

İki ölkə arasında strateji münasibətlərin bütün sahələrdə uğurlu inkişafı üçün geniş imkanların mövcudluğu bir daha diqqətə çatdırıldı. Qeyd edək ki, səfər çərçivəsində mühüm məqamlardan biri Bişkekdə ulu öndər Heydər Əliyevin və Nizami Gəncəvinin adını daşıyan məktəblərin açılışı oldu. Dövlət başçısı İlham Əliyev mətbuata  bəyanatında “Əlbəttə, bu gün mən Azərbaycan xalqının dahi nümayəndələrinin xatirəsinə belə xoş münasibətə görə bütün Azərbaycan xalqı adından Prezidentə xüsusi təşəkkürümü ifadə etdim” söyləyərək vurğuladı ki, Bişkekdə ən böyük məktəblərdən biri Azərbaycan dövlətinin banisi Heydər Əliyevin adını, digər məktəb isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq. Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevriliblər: “Bu gün biz, həmçinin bu siyahının digər şəhərlərimizlə də davam etməsini müzakirə etdik. O cümlədən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq.”

Təkcə cari ildə türkdilli ölkələrin dövlət başçılarının Azərbaycana, Azərbaycan Prezidentinin isə bu ölkələrə səfərlərinin say tərkibinə, imzalanan sənədlərə diqqət yetirmək kifayətdir ki, əlaqələrimizin nə qədər geniş olduğunu təsəvvür edə bilək. Bu il Qırğızıstan və Qazaxıstan  Prezidentlərinin Azərbaycana, dövlətimizin başçısı İlham Əliyevin isə Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərləri olub. Əldə edilmiş razılaşmalar əlaqələrimizin gələcək konturlarını müəyyənləşdirir.

Dövlət başçısı İlham Əliyevin Qazaxıstana işgüzar səfəri zamanı iştirak etdiyi MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı da Ermənistana və dünyaya mesajlarla diqqətdə oldu. Cənab İlham Əliyev bu rəqəmlərə diqqəti yönəltdi ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşı əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olub, ya da ciddi xəsarət alıb. Eyni zamanda, bizim tərəfimizdən Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb. Bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb.

Keçirilən hər bir görüş, reallaşdırılan qarşılıqlı səfərlər həqiqətlərimizin, eyni zamanda, malik olduğumuz imkanların təqdimatında mühüm rol oynayır. Azərbaycanın tarixi Zəfərində informasiya cəbhəsində qazandığı uğurlar əhəmiyyətli rol oynayır ki, bu da dövlətimizin uğurlu siyasətinin nəticəsidir. MDB Dövlət Başçıları Şurasının iclasında səsləndirilən bəyanatlar dünyaya çağırış olmaqla yanaşı, bugünümüzün əsas tələblərindəndir. Yalnız etimad mühiti mövcud olduğu halda qarşılıqlı  hörmətdən, münasibətlərin inkişafından  danışmaq olar. Bu gün dünya bu nümunəni türkdilli dövlətlərin biri-biri ilə əməkdaşlığında, eyni zamanda, Türk Dövlətləri Təşkilatı daxilində görür.