YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın türk dövlətləri arasında qardaşlıq münasibətlərinin inkişafına töhfələri davamlıdır

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Tarixi Zəfərimiz Azərbaycanın istər türk dünyasında, istərsə də beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Azərbaycan yaratdığı yeni reallıqlarla həm regionda yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edir, eyni zamanda, beynəlxalq münasibətlərdə  dəyişikliklər edir. Bu gün əksər dünya gücləri Azərbaycanın mövqeyini dəstəkləyərək bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsində, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında səylərini əsirgəməyəcəklərini bildirirlər. Dövlət başçısı İlham Əliyevin Qazaxıstana işgüzar səfəri zamanı qatıldığı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında və MDB Dövlət Başçıları Şurasının iclasında çıxışında da bu kimi məqamlara bir daha işıq salındı.

Hazırkı dövrün əsas məsələsi sülh müqaviləsinin imzalanmasıdır. Ermənistanın müqavilənin imzalanmasında maraqlı olmadığı diqqətdən kənarda qalmır. Baxmayaraq ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin Brüsseldə 4 görüşü keçirilib, lakin işğalçı dövlətin destruktiv addımları nəticəsində hələlik tərəflər arasında sülh müqaviləsinin imzalanması mümkün olmayıb. Praqada keçirilən dördtərəfli görüşün sonunda qəbul olunan bəyanatda da Azərbaycanın mövqeyi dəstəklənir. Lakin bütün bunlara baxmayaraq görüşdə tərəf kimi iştirak edən Fransanın Prezidenti Emmanuel Makron görüşdən çox keçmədi ki, dərhal əsassız, qərəzli bəyanatları ilə diqqətdə oldu. Dövlət başçısı İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında bir daha diqqəti  bu məsələyə yönəldərək bildirdi ki, Emmanuel Makron bəyanatlarında Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandırıb, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Dövlət başçısı İlham Əliyev Fransa Prezidentinin erməni sevgisindən irəli gələn bu fikirlərinə cavab olaraq bildirdi ki, Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik.

Göründüyü kimi, Fransa kimi dünyanın iri dövləti ədalət və beynəlxalq hüququ növbəti dəfə maraqlarının arxasında gizlədərək erməni sevgisini ortaya qoyur.  Hətta bu bəyanatı ilə artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin nizamlanmasında vasitəcilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın mövqeyinin heç zaman ədalətə və beynəlxalq hüquqa söykənmədiyinə işıq salır. 44 günlük İkinci Qarabağ müharibəsinin necə başlandığını Azərbaycan Prezidenti müharibənin getdiyi dövrlərdə xarici mətbuata çoxsaylı müsahibələrində jurnalistlərin istər ədalətə, istərsə də qərəzə əsaslanan suallarını cavablandırarkən açıqlayıb. Bütün dünya bu müharibənin Ermənistan silahlı qüvvələrinin ərazilərimizi müxtəlif istiqamətlərdən raket atəşinə tutması nəticəsində başlandığını bilir. Azərbaycan bu təxribatın qarşısını almaq üçün əks-hücum əməliyyatına başladı. Ən əsası müharibəni Azərbaycan Ordusu öz torpaqlarımızda apararaq gücü, qüdrəti  sayəsində mənfur düşməni ərazilərimizdən qovdu.

Ölkə Prezidenti sözügedən çıxışında postmünaqişə dövrünün bütün reallıqları barədə geniş məlumat verərək bildirdi: “Mən həmkarlarımı baş vermiş hadisələr haqqında məlumatlandırmağı zəruri hesab etdim, çünki baş verənlər barədə müxtəlif versiyalar dolaşır. İstədim ki, siz bizim versiyamızı və yeganə həqiqi versiyanı mənim özümdən eşidəsiniz.” Qısa təhlil əsasında Azərbaycanın sözünün nə qədər əhəmiyyətli olduğunu görürük.

Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, Qərblə Şərq arasında körpü roluna etdiyi əlavələrin Prezident İlham Əliyevin digər səfərində, Qırğızıstana dövlət səfərində də şahidi olduq. Səfər çərçivəsində imzalanan sənədlər Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafının aydın mənzərəsini yaratmaqla yanaşı, ümumilikdə türk dünyasının birliyinə ölkəmizin töhfələrini nümayiş etdirdi. Azərbaycan hər zaman bu birliyin möhkəmlənməsində maraqlı olub və bunu addımları ilə təsdiqləyir.

Qeyd edək ki, Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub. 2007-ci ildə Azərbaycanın Qırğızıstanda səfirliyi, 2008-ci ildə isə Qırğızıstanın Bakıda səfirliyi fəaliyyətə başlayıb. İndiyədək iki ölkə arasında 74 sənəd imzalanıb.

Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcuddur. İki ölkə arasında möhkəm təməl üzərində qurulan münasibətlər yüksələn xətlə inkişaf edir. Qırğızıstan Prezidenti Sadır Japarov mətbuata bəyanatında səsləndirdiyi “Diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi ərəfəsində növbəti mərhələ kimi biz birgə İnkişaf Fondunun fəaliyyətinin sürətləndirilməsi, əməkdaşlığın inkişafı üçün beşillik kompleks proqramın imzalanması və 2023-cü ildə Azərbaycanda Qırğızıstanın Mədəniyyət Günlərinin, 2024-cü ildə isə Qırğızıstanda Azərbaycanın Mədəniyyət Günlərinin keçirilməsi barədə razılığa gəldik. Əminəm ki, ikitərəfli münasibətlərimizin gələcək inkişafı çox müsbət olacaqdır. Biz Azərbaycan investorlarının Qırğızıstana gəlişinə şad olarıq və iqtisadi sahələrdə əməkdaşlığa hazırıq” fikirləri ilə münasibətlərin gələcəyinin yol xəritəsini təqdim etdi.