YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan həqiqətləri növbəti dəfə dünya gündəmində

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışında Prezident İlham Əliyev bir daha Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Ölkə başçısı bildirdi ki, Azərbaycan İkinci Qarabağ müharibəsi ilə 30 illik erməni işğalına son qoydu. Ermənistan Azərbaycan torpaqlarını işğalda saxladığı müddətdə miqyassız vandalizm aktları törətmiş, kənd və şəhərlərimizi yerlə yeksan etmişdir. Tarixi, dini, mədəni abidələrimiz erməni barbarlığının qurbanı olmuşdur. Həmçinin Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı da sistemli şəkildə müharibə cinayətləri törətmişdir. Birinci Qarabağ müharibəsindən ötən dövr ərzində 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin sayılır. Onların əksəriyyəti işgəncələrə məruz qalmış və öldürülərək kütləvi məzarlıqlarda basdırılmışlar.  Vətən müharibəsi zamanı işğaldan azad edilmiş ərazilərimizdə aşkarlanan kütləvi məzarlıqlar Ermənistanın törətdiyi qanlı cinayətlərin sübutudur. Ermənistan itkin düşmüş şəxslərin taleyi haqqında Azərbaycana məlumat verməkdən hələ də yayınır. Ermənistanın müharibə cinayətləri yalnız bu qeyd olunanlarla məhdudlaşmır. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan ərazilərimizdə bir milyondan çox mina basdırıb. Bu gün də Azərbaycan vətəndaşları Ermənistanın bu müharibə cinayətləri ilə üz-üzə qalırlar. İkinci Qarabağ müharibəsi bitdikdən sonra 250-dən çox azərbaycanlı mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Ümumiyyətlə, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Minaların təmizlənməsi üçün isə beynəlxalq mütəxəssislərin hesablamalarına görə, təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır.

Mina təhlükəsi işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin sürətinə də əngəl törədir. Lakin bütün çətinliklərə baxmayaraq, minaların təmizlənməsi işləri ilə paralel Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması plana uyğun formada aparılır. Artıq “Böyük Qayıdış” da başlanıb. Azərbaycan öz resursları əsasında işğaldan azad olunmuş ərazilərdə müasir standartlar əsasında bərpa-qruculuq işləri aparır ki, 30 il el-obasından didərgin düşmüş keçmiş məcburi köçkünlərimiz öz yurdlarına qayıtsınlar.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında Prezident İlham Əliyev Qarabağ münaqişəsinin bitməsinə baxmayaraq Ermənistanın hələ də təxribatlar törətməkdən əl çəkmədiyinə diqqət çəkdi. Ermənistanın belə bir genişmiqyaslı təxribat cəhdi sentyabr ayının ortalarında olmuş, Azərbaycan Silahlı Qüvvələri həmin təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur qalmışdır. Təbii ki, bütün bu təxribatlara görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.  Ermənistandan fərqli olaraq Azərbaycan isə sülhdə maraqlıdır. Məhz bunun üçün də ölkəmiz Vətən müharibəsi bitdikdən sonra baxmayaraq ki, 30 il işğaldan əziyyət çəkib, ağır məhrumiyyətlərə üz-üzə qalıb, yenə də sülh təklif edən tərəf oldu. Azərbaycanın irəli sürdüyü sülh müqaviləsinin şərtləri  regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasına xidmət edir.

Zirvə Toplantısında Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq aləmdə yüksək nüfuz sahibi olduğunu da vurğulayaraq bildirdi ki, ölkəmiz BMT-dən sonra ən böyük beynəlxalq struktur olan Qoşulmama Hərəkatına  artıq 3-cü ildir ki, sədrlik edir. Azərbaycan bu müddət ərzində Qoşulmama Hərəkatının həyatında mühüm rol oynamış, ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı yaradılmışdır.