YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk dünyasının birliyi xarici siyasətimizin prioritet istiqamətidir

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Türkdilli ölkələrlə əməkdaşlıq Azərbaycanın xarici siyasətində mühüm yer tutur. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin turk dünyasının birliyinə verdiyi töhfələri davamlılığı ilə diqqət çəkir.  Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi müddətində gördüyü işlərə nəzər salmaq kifayətdir. Bu addımların ümumiləşdirilmiş ifadəsi olaraq dövlət başçısı İlham Əliyevə ötən il Türk Dünyasının Ali Ordeni təqdim edildi. Təbii ki, bu ali mükafatın təqdimatında cənab İlham Əliyevin turk dünyasının birliyinə, həmrəyliyinə verdiyi töhfələr əhəmiyyətli rol oynayır.

Son illər Azərbaycanın və Türkiyənin fəal səyləri nəticəsində Türk Dövlətləri Təşkilatının tərkibi genişlənib. Onu da qeyd edək ki, 2021-ci il noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Şura Türk Dövlətləri Təşkilatına (TDT) çevrilib. Hazırda təşkilatda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan yer alır. Macarıstan və Türkmənistan isə müşahidəçi dövlətlərdir. Azərbaycanın bu dövlətlərlə əlaqələrinin genişlənməsinə yönələn sənədlərin xronologiyasına nəzər salaq. İki dost, qardaş ölkə olan Azərbaycan və Türkiyənin müttəfiqliyini təsdiqləyən Şuşa Bəyannaməsi imzalandı.   Qırğızıstanla “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”, Özbəkistanla “Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə” və Qazaxıstanla “Strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə və sair kimi sənədlər münasibətlərin yüksələn xətlə inkişafında hüquqi baza rolunu oynayır. Dövlət başçısı İlham Əliyevin “Gücümüz birliyimizdədir” çağırışı hər zaman atılan addımların əsasında dayanır. Əvvəldə də qeyd etdiyimiz kimi. dövlətimizin başçısına Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi, həmçinin onun Mərkəzi Asiya ölkəsi olan Qazaxıstanın ali ordeni ilə təltif edilməsi Azərbaycanın türk dünyası ölkələri arasında qardaşlıq münasibətlərinin inkişafına göstərdiyi səylərə münasibətin göstəricisidir.

Dövlət başçısı İlham Əliyevin Qırğızıstana dövlət, onun ardınca Qazaxıstana işgüzar səfəri də türkdilli dövlətlərlə əməkdaşlığın genişlənməsinə verdiyi önəmin təsdiqidir. Azərbaycanla Qırğızıstan arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir.  Bu ilin aprel ayında Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri oldu. Səfər çərçivəsində “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalandı. Dövlət başçısı İlham Əliyevin bu səfəri Qırğızıstana ilk dövlət səfəridir. Səfər zamanı iki ölkə arasında bir sıra sənədlər, o cümlədən Müştərək İnkişaf Fondunun yaradılması ilə bağlı Saziş imzalandı. Dövlətimizin başçısı, həmçinin Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Heydər Əliyev adına 20 saylı “Məktəb-Gimnaziya Təhsil-Tərbiyə Kompleksi” ümumtəhsil müəssisəsinin, Nizami Gəncəvi adına 103 saylı orta məktəbin açılış mərasimlərində iştirak etdi. “Çox şadam ki, mənim Bakıya səfərimdən yarım il sonra hörmətli İlham Heydər oğlu Qırğızıstanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin möhkəmliyini bir daha sübut edən cavab səfəri edir” söyləyən Qırğızıstan Prezidenti iki ölkə arasında münasibətlərin inkişafına töhfələrinə görə cənab İlham Əliyevə təşəkkürünü bildirdi: “Xalqlarımız və ölkələrimiz arasında dostluq bağlarının möhkəmləndirilməsi işinə şəxsi töhfəsinə görə Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevə minnətdarlığımı bildirir, Azərbaycan xalqının rifahı naminə ali məqsədlərə çatmaqda böyük uğurlar və tükənməz enerji, bütün qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram.”

Dövlət başçısı İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında və MDB Dövlət Başçılarının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qazaxıstan Respublikasına işgüzar səfəri də ölkə və dünya mətbuatında geniş müzakirə olundu. Ölkə Prezidenti hər iki tədbirdə 30 ilik işğal, eyni zamanda, postmünaqişə dövrünün reallıqlarından geniş bəhs etdi. MDB Dövlət Başçılarının iclasında bir daha diqqəti  hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə yönəldən cənab İlham Əliyev  artıq onun vasitəçiliyinə heç bir ehtiyacın olmadığını bildirdi: “28 il ərzində Minsk qrupunun nəticəsi sıfra bərabərdir. İndi göründüyü kimi, bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi. Beləliklə, münaqişə həll olunub. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib.”

Ümumilikdə hər iki səfər Azərbaycanın türk dünyasında möhkəmlənən mövqeyinə, roluna işıq salır. Ortaq tarixə, dəyərlərə malik olan türkdilli dövlətlər arasında əməkdaşlıq səmimidir və qarşılıqlı dəstəyə əsaslanır.