YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidi Eltun Qasımovun doğum günündə xatirəsi anılıb

Nizami rayonunda Vətən müharibəsi şəhidi Qasımov Eltun Vüqar oğlunun doğum günlərində əziz xatirəsi yad olunub. Bununla əlaqədar Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.

Sonra YAP Nizami rayon təşkilatında şəhidin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, şəhid Eltun Qasımovun oxuduğu 250 saylı orta məktəbin direktoru Fəzail Məmmədov və başqaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən və Azərbaycan hərbçilərinin heyrətamiz qəhrəmanlığından söhbət açıblar.

Çıxışlarda 2020-ci ilin payızında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfərinin ölkəmizin tarixinə qızıl hərflərlə əbədi həkk olunduğu vurğulanıb. Qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin dərin ehtiramla yad edildiyi, onların əziz xatirəsinin uca tutulduğu ifadə olunub. Əlavə olunub ki, ömür yoluna böyük qəhrəmanlıq salnaməsini sığdıran Eltun Qasımovun əziz xatirəsi əbədi olaraq qəlbimizdə və tariximizdə yaşayacaq.

Şəhid Eltun Qasımovun atası Vüqar Qasımov, həyat yoldaşı Pərvin Qasımova çıxış edərək xatirələrini bölüşüb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar. Həmçinin şəhidlərin ailə üzvlərinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Çıxışlardan sonra şəhid ailəsinin üzvlərinə təşəkkür mərasimi olub.

Daha sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamlarına əsasən şəhid Eltun Qasımov "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.