YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmirdə şəhid ailələri və qazilər üçün tibbi aksiya keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi ilə əlaqədar YAP İdarə Heyətinin üzvü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri, professor Tofiq Cahangirovun rəhbərliyi ilə oktyabrın 15-16-da Kürdəmir rayonunda şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası keçirilib.

“Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır” şüarı altında keçirilən aksiya iki gün davam edib.

Aksiya iştirakçıları öncə Kürdəmir rayonunda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar. Sonra rayon mərkəzindəki Şəhidlər xiyabanı ziyarət olunub, Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anılıb, abidələri önünə tər qərənfillər düzülüb.

Daha sonra Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında aksiyaya start verilib. Aksiya çərçivəsində şəhid ailələrinə, qazilərə və onların ailə üzvlərinə professor Tofiq Cahangirov və onun rəhbərliyi altında çalışan həkim heyəti tərəfindən lazımi tibbi xidmətlər göstərilib.

Aksiya barədə məlumat verən YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov bildirib ki, bu “Zəfər Azərbaycanındır” şüarı ilə keçirilən 3-cü aksiya idi: “İlk aksiyamız ötən il qazandığımız Qələbənin ildönümü ərəfəsində - noyabrın 8-9-da Sabirabad rayonunda baş tutmuşdu. Daha sonra 2022-ci ilin 3-4 aprel tarixlərində bu aksiya Saatlı rayonunda keçirildi. İki gün ərzində həkimlərimiz tərəfindən şəhid ailələrinin üzvləri və qazilərimiz üçün müxtəlif müayinələr aparıldı, onlara müalicələr təyin olundu”.

T.Cahangirovun sözlərinə görə, 100-ə yaxın şəhid ailəsi üzvləri və qazilər üçün kardioloji, nevroloji və digər müayinələr həyata keçirilib: “Bizim komandamızda nevroloq, endokrinoloq, müasir rəngli Doppler exokardioqrafiya mütəxəssisləri və digər həkimlərimiz də var idi. Həmçinin laborator müayinələr - xəstələrdə şəkər, kreatinin, laxtalanma sistemi və digər analizlər aparıldı, diaqnozlar dəqiqləşdirildi, təyinatlar müəyyən olundu. 2 gün ərzində gərgin əmək sərf edən həkimlərimizə dərin təşəkkürümü bildirirəm. Həmçinin Fransanın “Servier” şirkətinin aksiyaya böyük dəstəyi oldu. Onlar bundan əvvəlki aksiyalarımıza da dəstək vermişdilər. Şirkətin nümayəndələri daha çox ehtiyacı olan xəstələri pulsuz və keyfiyyətli dərmanlarla təmin etdilər”.

YAP İdarə Heyətinin üzvü belə aksiyaların davamlı olacağını deyib: “Biz qarşıdakı aylarda növbəti aksiyalarımızı keçirməyi planlaşdırırıq. Ümumiyyətlə, belə aksiyaların respublikanın bütün bölgələrini əhatə etməsini nəzərdə tuturuq”.