YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

“Füzuli şəhəri işğalçılardan azad edilib. Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb. Biz Füzuliyə qayıtmışıq. Ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünki biz gəlməli idik, qayıtmalı idik. Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət Bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlər boyu biz yaşamışıq, bizim xalqımız yaşayıb.” Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizdən sonra Füzuli rayonuna reallaşdırdığı ilk səfəri zamanı Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışında  rəşadətli Ordumuzun qüdrəti, gücü sayəsində torpaqlarımızın tarixi sahibinə qovuşmasından, xalqımızın yenilməz, məğrur xalq olmasından geniş bəhs etdi.  Artıq 17 oktyabr tarixi xalqımız tərəfindən böyük sevinc, qürur hissi ilə qeyd edilir. Bu tarixdə Füzuli şəhəri daxil olmaqla rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri  işğaldan azad  edildi.

Cəbhədən gələn qələbə müjdələri xalqımızı daha da qürurlandırır, tezliklə 30 ilin işğalına son qoyulacağına əminlik yaradırdı. Hər gün bir şəhərin, yaşayış məntəqəsinin azadlığa qovuşması ilə yadda qaldı. Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında  dayana bilməyən erməni silahlı qüvvələri hərbi texnikanı, silah-sursatı qoyub qaçdı. Torpaq, Vətən sevgisini döyuş ruhunun artmasında qabarıq şəkildə büruzə verən Azərbaycan Ordusu hər gün irəli getdi.  44 gündə 5 şəhərin, 4 qəsəbənin, 300-ə yaxın yaşayış məntəqəsinin işğaldan azad edilməsi Ordumuzun hansı imkanlara malik olduğunu dünyaya nümayiş etdirdi. Ordumuz erməniləin illərdir yaratdıqları “məğlubedilməz ordu” mifini darmadağın etdi. Tarixi Zəfərimiz bir daha sübut etdi ki, dünyanın ən güclü ordusu Azərbaycan Ordusudur. Ümumilikdə Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilib.  

17 oktyabr tarixi təkcə füzulilər üçün deyil, bütün Azərbaycan xalqı üçün qürur, sevinc tarixidir. Artıq xalqımız torpaqlarımızın işğaldan azad edildikləri tarixi qeyd etdikləri üçün özlərini xoşbəxt hiss edir, Böyük Qayıdışın bütünlüklə reallığa çevrilməsindən sonra bu ərazilərimizin  gələcəyini necə görmək istədikləri barədə  düşüncələrini paylaşırlar.

Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizin sayəsində işğaldan azad edilmiş ərazilərimizdə ermənilərin törətdikləri vəhşiliklərdən, vandalizmdən bəhs edərək yekun olaraq bildirir ki, indi əsas məsələ bu torpaqların yenidən qurulmasıdır.

Füzuli rayonu  bərpa-quruculuq mərhələsini  yüksək səviyyədə yaşayır. Beynəlxalq əhəmiyyətli, müasir tələblərə cavab verən hava limanı məhz Füzuli rayonunda tikilib istifadəyə verilib. İşğaldan azad edilmiş ərazilərimizə səfərlərini bu aeroport vasitəsilə reallaşdıran xarici qonaqlar  gördükləri mənzərələrdən heyrətlərini gizlətmirlər. Bir tərəfdə ermənilərin illərdir törətdikləri dağıntılar, digər tərəfdə isə Azərbaycan dövlətinin öz gücü, daxili imkanları hesabına həyata keçirdiyi bərpa-quruculuq işləri  yer alır. Dövlət başçısı İlham Əliyev Füzulidə olarkən bu məqamı da xüsusi qeyd etmişdir ki, dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir. Bütün dünya bunu görməlidir və səssiz qalmamalıdır.

Dövlət başçısı İlham Əliyevin göstərişi əsasında Füzuli-Şuşa, Zəfər yolunun təməli qoyuldu və çox qısa zamanda istifadəyə verildi.  Azərbaycanın tarixi Zəfərində əhəmiyyətli rol oynayan Şuşa əməliyyatına şahidlik edən bu Zəfər yolunun rəmzi mənası vardır. Yolun əhəmiyyətindən bəhs edərkən onun iqtisadi tərəfindən çox, dastana çevrilən Şuşa əməliyyatına şahidlik etməsi vurğulanır.  Bu gün bu yol soydaşlarımızı Qarbağın tacı Şuşaya qovuşdurur. Şuşa və Ağdamla yanaşı, Füzuli  şəhərinə də avtobus reysləri  açılıb və soydaşlarımız öz doğma yurd-yuvalarını görmək imkanı qazanırlar. Xalqımız işğaldan azad edilən digər torpaqlarımız kimi, Füzulinin də sabahına böyük inamla yanaşır, bu ərazilərin cənnət məkana çevrilməsini böyük fəxr hissi ilə qeyd edirlər.