YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Zəfər tariximiz” adlı layihənin bağlanış tədbiri keçirilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının təşkilati dəstəyi ilə “Davamlı İqtisadi və Sosial Maarifləndirmə” İctimai Birliyinin Vətən müharibəsində şanlı Qələbəmizə həsr olunmuş “Zəfər tariximiz” adlı layihəsinin bağlanış tədbiri keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canına fəda edərək şəhidlik zirvəsinə ucalmış qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Torpaqlarımızın işğalından, ermənilərin orada törətdiyi vandalizm əməllərindən, Ordumuzun Vətən müharibəsində qazandığı Zəfərdən bəhs edən film nümayiş olunub, layihə rəhbəri Kubra Əliyarlının tarixi Zəfər haqqında müxtəlif vaxtlarda qələmə aldığı məqalələrindən ibarət kitabça tədbir iştirakçılarına təqdim edilib.

“Davamlı İqtisadi və Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Kubra Əliyarlı layihə haqqında ətraflı məlumat verib. Bildirilib ki, torpaqlarımızın işğaldan azad olunması ilə tariximizin parlaq səhifəsinə çevrilmiş 44 günlük Vətən müharibəsində xalqımızın və Ordumuzun göstərdiyi qəhrəmanlıq, həmrəylik daim təbliğ edilməli, yerli və dünya ictimaiyyətinə çatdırılmalıdır.

Vətən müharibəsi qaziləri Ceyhun Sədrayev, Zakif Abbasov şəhidlərimizin və qazilərimizin mərdliyindən, şücaətindən bəhs edən bu cür layihələrin davamlı olaraq keçirilməsinin vacibliyini qeyd ediblər.

Bakı şəhəri 157 nömrəli tam orta məktəbin direktor müavini, şair, publisist Adil Həmidov bildirib ki, Vətən müharibəsində qazandığımız Zəfər xalqımızın əsl qəhrəmanlığının, sonsuz Vətən sevgisinin bariz nümunəsidir.

YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalq-ordu birliyi nəticəsində möhtəşəm Qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşında böyük qürur və iftixar hissi yaratdığını vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv