YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətin həyata keçirdiyi siyasətin əsasında vətəndaş amili dayanır

Şəhla Abdullayeva

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri

Cənab İlham Əliyevin ilk dəfə Prezident seçildiyi 15 oktyabr 2003-cü il prezident seçkilərindən ötən 19 il Azərbaycanın həyatında biri-birindən əhəmiyyətli uğurlarla  yadda qalır.  Ölkə Prezidenti İlham Əliyevin  son 19 ildə həyata keçirdiyi təkmil islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir. Neft siyasətinin məntiqi davamı olaraq iqtisadiyyatın şaxələndirilməsi bu dövrün əsas prioritetləri sırasındandır.

Cənab İlham Əliyevin Prezident kimi jurnalistlərə ilk müsahibəsində “Hesab etmək olarmı ki, iqtisadiyyatın inkişafı üçün yeni mərhələ başlayır. İlk növbədə Sizdən hansı addımları  gözləyəcəyik ki, iqtisadiyyatın unkişafı  üçün bunlar zəruridir” suala cavabında bildirmişdi ki, hər şey iqtisadiyyat üzərində  qurulur. Azərbaycaın  iqtisadiyyatı  möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaq. Artıq bu istiqamətdə çox böyük işlər görülüb. Azərbaycanın bütün iqtisadi göstəriciləri onu göstərir ki,  ölkə dinamik şəkildə inkişaf edir. Vəzifəmiz bundan ibarətdir ki, bu ənənələri inkişaf etdirək, sahibkarlara gözəl şərait yaradaq. Çünki iqtisadiyyatımızın birinci inkişaf mərhələsi dövlətin qayğısı ilə bağlıdır. İqtisadiyyatımızın növbəti mərhələsi isə məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır və bu istiqamətdə üzərimizə düşən  vəzifələri  yerinə yetirməyə hazırıq. Dövlət başçısı bu çağırışı da səsləndirmişdir ki, sosial məsələlər, ordu quruculuğu, qaçqın-köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması, əziyyət içində yaşayan insanların, pensiyaçıların həyat səviyyəsinin yaxşılaşdırılması, onların taleyi ilə ciddi məşğul olacağam: “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Przidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss etsin.”

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu, “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürdü. Regionların malik olduğu potensialdan səmərəli istifadə etmək, sahibkarlığın inkişafını sürətləndirmək, insanların həyat səviyyəsini, rahat yaşayışını təmin etmək üçün Regional inkişaf proqramlarının icrasına start verildi.

İqtisadiyyatın şaxələndirilməsində enerji sektorunda qazanılan uğurların rolunu nəzərə alsaq bu fikri böyük inamla qeyd edə bilərik ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Bu layihələr təkcə iştirakçı deyil, dünya dövlətlərinin də uzunmüddətli iqtisadi inkişafına geniş imkanlar yaratdı. Ölkəmizin bu sektorda qazandığı uğurlar onun etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirdi. 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı, 2018-ci ilin mayında çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, həmin ilin iyun ayında bu layihənin əsas tərkib hissələrindən olan TANAP, 2020-ci ilin dekabr ayının son günü isə TAP istifadəyə verildi.  

Qeyd etdiyimiz kimi, neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflığın qorunması qeyri-neft sektorunun inkişafını sürətləndirir. Son 19 ildə 2 milyondan artıq  yeni iş yeri yaradılıb. Bir məqamı da unutmayaq ki, hazırda bütün dünya, o cümlədən Azərbaycan COVID-19-la mübarizə tədbirlərini həyata keçirir. Bu mübarizə başlayanda dünya dövlətlərində bir çaşqınlıq, iqtisadiyyatlarında durğunluq müşahidə edildi. Azərbaycan bu məsələnin qlobal problem olduğunu önə çəkərək onun aradan qaldırılması üçün birgə tədbirlərin görülməsinin vacibliyini bildirdi. Cənab İlham Əliyev insanların sağlamlığının prioritet olduğunu önə çəkməklə yanaşı, iqtisadi islahatların dərinləşdirilməsinin vacibliyini bildirdi və bu çağırışı da diqqətə çatdırdı ki, heç bir sosial layihə təxirə salınmayacaq. Mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda dövlətimizin insanların sosial müdafiəsini gücləndirmək üçün atdığı addımları, sahibkarlara göstərilən dəstəyi yada salmaq kifayətdir. Həmin dövrdə minlərlə insanı əhatə edən sosial paket tətbiq olundu. Təkcə son 3 ilin  sosial-iqtisadi göstəriciləri dövlətin siyasətində insan amilinin prioritet olduğunu nümayiş etdirir. Cari ilin ötən dövründə həyata keçirilən sosial paketdə əksini tapan Prezident Fərman və Sərəncamlarına diqqət yetirmək kifayətdir.

Bir sözlə, son 19 il bütün istiqamətlərdə davamlı uğurlarla xarakterizə olunur. Dövrün, zamanın tələblərinə uyğun olaraq təkmilləşmə ölkəmizin sosial-iqtisadi inkişafını sürətləndirir. İqtisadi və siyasi islahatların vəhdətliyinin təmin edilməsi yeni-yeni hədəfləri stimullaşdırır.

Artıq bu günümüzün əsas hədəflərindən biri keçmiş qaçqın və məcburi köçkünlər üçün müasir tələblərə uyğun şərait yaratmaqdır. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində bütün yeniliklər öz əksini tapır. Cənab İlham Əliyev atdığı addımları ilə hər bir vətəndaşının yanında olduğunu  təsdiqləyir.

DİGƏR Xəbərlər Arxiv