YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanın Parisdəki səfirliyinə hücumlar bütün diplomatik konvensiyaların pozulması deməkdir

Fransanın xarici işlər naziri Azərbaycanın əleyhinə yalan bəyanatlar verib, Fransa Senatı və ya Aşağı Palata İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul ediblər. Baxmayaraq ki, hətta Ermənistan özü onu tanımayıb. Bizə məlumdur ki, noyabrın ortalarına Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə hazırlanır.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında bildirib.

Fransanın əvvəlki prezidentləri ilə kifayət qədər sıx ünsiyyət qurmaq imkanının olduğunu xatırladan dövlətimizin başçısı deyib ki, o vaxt münasibətlər kifayət qədər ölçülüb-biçilmiş, balanslaşdırılmış idi. Təəssüf ki, indiki rəhbərlik mahiyyət etibarilə bütün bunların üstündən xətt çəkdi.

MDB-dən olan həmkarlarını yaranmış vəziyyət barədə məlumatlandıran Azərbaycan Prezidenti deyib: “Daha sonra Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə basqın edildi. Özü də birinci hücumdan sonra Fransa Prezidenti telefonda mənə vəd verdi ki, bunun təkrarlanmaması məqsədilə tədbir görüləcək. Lakin bunun, yumşaq desək, doğru olmadığı ortaya çıxdı. Birinci vandalizm aktından və səfirliyin binasına soxulmaq cəhdindən sonra Azərbaycan səfirliyinin qarşısında qoyulmuş mühafizə götürüldü. Çox güman ki, bu, erməni tərəfi ilə razılaşdırılıb. Mühafizə götürülən kimi ikinci basqın cəhdi oldu, təhqiramiz yazılar oldu, Azərbaycan səfirliyinə hücum edən özündən çıxmış radikalların izdihamı oldu. Bu, qətiyyən yolverilməzdir və bütün diplomatik konvensiyaların pozulması deməkdir”.