YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Qırğızıstanı ortaq dəyərlər birləşdirir

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Azərbaycan və Qırğızıstanı bir çox ortaq dəyərlər birləşdirir. Xalqlarımız eyni soy-kökə və mədəni dəyərlərə malik xalqlardır. Ölkələrimiz arasında münasibətləri yaxınlaşdıran da məhz bu dəyərlədir. Azərbaycan və Qırğızıstan strateji tərəfdaş ölkələrdir. Yarım il əvvəl iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb. Belə ki, ölkələrimiz arasında mədəni-humanitar, iqtisadiyyat, nəqliyyat, təhsil, yüksək texnologiyalar sahələri ilə bağlı geniş məsələlər ətraflı müzakirə olunaraq artıq real siyasət sahəsinə transformasiya olunub. Azərbaycan-Qırğızıstan əməkdaşlığı nəticələrə hədəfləndiyi üçün nəzərdə tutulandan daha tez reallaşır.

Qırğızıstana dövlət səfəri zamanı Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın yeni mərhələyə keçdiyini və əlaqələrin daha geniş sahələri əhatə etməyə başladığını qeyd etdi. Bundan əlavə həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir ki, bundan da Türk dünyası yeni potensial əldə edir. Effektiv əməkdaşlıq beynəlxalq təşkilatlar çərçivəsində də öz bəhrəsni verir  və münasibətlər qarşılıqlı dəstəyə əsaslanır.

Prezident İlham Əliyevin Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın iclasında çıxış edərkən bildirdi ki, biz münasibətlərimizi Dövlətlərarası Şuranın hamiliyi altında strukturlaşdırırıq ki, qərarların qəbul edilməsinə, o cümlədən ticari-iqtisadi fəaliyyət çərçivəsində nəzarət üçün daha çox imkanlara və daha çox dinamizmə malik olaq. Ümumiyyətlə, Dövlətlərarası Şura Azərbaycan və Qırğızıstana  hədəflərə nail olmaq üçün nə etmək lazım olduğunu görmək imkanı verəcək bir mexanizm olacaq. Bundan əlavə, Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması qərarı mühüm əhəmiyyətə malikdir. Bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək. Qarşılıqlı maraqlara xidmət edən investisiyalar ölkələrmiz üçün yeni imkanlar yaradacaq. Məlum olduğu kimi Azərbaycan uzun illərdir ki, investor ölkədir. Azərbaycanın iki peyki – “Azersky” və “Azerspace-1” Qırğızıstandakı tərəfdaşlara xidmətlər göstərir. Həmçinin nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin bir hissəsi olacaq. İndiki mərhələdə nəqliyyat-tranzit sahəsində əməkdaşlığın vacibliyi xüsusilə vurğulanmalıdır. Qırğızıstana dövlət səfəri zamanı Prezident İlham Əliyev açıq dənizlərə çıxışı olmamasına baxmayaraq Azərbaycanın mühüm nəqliyyat şəbəkəsi yaratdığını diqqətə çatdırdı. Ölkə başçımız vurğuladı ki, artıq fəaliyyət göstərən, eləcə də planlaşdırılan yeni nəqliyyat yolları kommunikasiyaları daha sıx birləşdirməyə imkan verəcək. Eyni zamanda, həm Cənub-Qərb, həm də Şimal-Qərb dəhlizlərinin potensialını genişləndirmək üçün imkanlar var. Bir halda ki, çox böyük potensiala malik Şimal-Cənub dəhlizi də Azərbaycandan keçir.

Azərbaycan-Qırğızıstan münasibətləri humanitar sahədə də uğurla inkişaf etdirilir. Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevriliblər. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq. Bişkekdə ən böyük məktəblərdən biri Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin adını, digər məktəb isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyır. Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması da iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən, eləcə də xalqlarımızın qarşılıqlı hörmətindən xəbər verir. Hər iki ölkədə mədəniyyət günləri keçiriləcək ki, bu da həm ölkələrimizin, həm də xalqlarımızın müxtəlif səviyyələrdə daha çox, daha sıx təmaslar qurmasına imkan yaradacaq. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı imzalanan 9 adda rəsmi sənəd isə ölkələrimiz arasında münasibətlərin gələcək inkişafı üçün mühüm hüquqi baza rolunu oynayacaqdır.