YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Son qlobal tendensiyalar və biznes üçün yaranan yeni imkanlar

Yaponiyanın “data-max.co.jp” saytı Azərbaycanın Avropaya qaz nəqlini iki dəfə artıracağı barədə analitik məqalə yayıb.

“Son qlobal tendensiyalar və biznes üçün yaranan yeni imkanlar” adlı məqalənin müəllifi Kazuyuki Hamada Yaponiyada beynəlxalq iqtisadiyyat üzrə yüksək səviyyəli mütəxəssis kimi yaxşı tanınıb.

Məqalədə ilkin olaraq Azərbaycan haqda məlumat verən müəllif bu ölkənin Xəzər dənizinin sahillərində yerləşən təbii ehtiyatlarla zəngin yer olduğunu vurğulayır. Bildirir ki, XX əsrin əvvəllərində dünyada çıxarılan neftin yarıdan çoxu ölkəmizin payına düşürdü. Vurğulayır ki, əvvəllər keçmiş Sovet İttifaqının tərkibində olan Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra həm Rusiya, həm də ABŞ-la dostluq edir. Bununla yanaşı, Türkiyə ilə qardaş münasibətləri quran Azərbaycan İran və İsraillə də sıx əlaqələrə malikdir.

Azərbaycanın Yaponiya ilə də dostluq əlaqələrinə malik olduğu, 1992-ci il sentyabrın 7-də iki ölkə arasında diplomatik münasibətlərin qurulduğu məqalədə xatırladılır. Cari ildə iki ölkə arasında diplomatik münasibətlərin 30-cu ildönümünün qeyd olunduğu qeyd edilir. Vurğulanır ki, iki ölkə arasında münasibətlər gözlənildiyindən də sürətlə inkişaf edir. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin və Yaponiyanın Baş naziri Fumio Kişidanın diplomatik münasibətlərin 30-cu ildönümü ilə əlaqədar bir-birinə göndərdiyi təbrik məktublarındakı fikirlər də təsdiq edir.

Müəllif malik olduğu təbii sərvətləri bütün dünya ilə bölüşən ölkə kimi tanınan Azərbaycanın “Qafqazın habı” adlandırılmasının təsadüfi olmadığını xüsusi qeyd edir. Bildirir ki, bunun əsasında Azərbaycanın yalnız neft və təbii qaz hasilatı sahəsində deyil, həmçinin kənd təsərrüfatı və “yaşıl enerji” sahəsində qazandığı böyük uğurlar dayanır. Qeyd edir ki, Yaponiya Azərbaycanın bu enerji mənbələrinə ilkin diqqət yetirən və bu ölkənin enerji sektoruna investisiyalar yatıran ilk dövlətlərdən biri olub. Bununla yanaşı, ölkəmizin turizm, informasiya texnologiyaları və logistika sahəsində də böyük potensiala malik olduğu, ABŞ və Çin kimi dünyanın aparıcı ölkələrinin Azərbaycanla əlaqələri möhkəmləndirməyə can atdığı xüsusi vurğulanır.

Məqalədə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsinin və torpaqlarımızı işğal etməsinin kökündə də məhz enerji mənbələrinin dayandığı qeyd edilir. Sərhəd boyunca basdırılmış piyada əleyhinə minaların da bu məqsədə xidmət etdiyi bildirilir.

Müəllif Yaponiyanın uzun müddət davam etmiş münaqişənin nəticələrinin aradan qaldırılmasında yaxından iştirak etdiyini, əsasən Ermənistan tərəfindən işğal altında saxlanmış torpaqların minalardan təmizlənməsi işində ölkəsinin fəal yardım göstərdiyini qeyd edir.

Məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iki ölkə arasında əməkdaşlıq münasibətlərinin qurulmasında və inkişafında böyük rol oynadığı da xüsusi vurğulanır. Hələ keçmiş Sovet İttifaqı dönəmində yapon texnologiyaları əsasında ilk məişət kondisionerləri zavodunun da məhz Bakıda Ulu Öndərin təşəbbüsü ilə inşa edildiyi xatırladılır.

Azərbaycan ilə Yaponiya arasında hazırda müxtəlif iqtisadi və mədəni sahələrdə bir çox layihələrin icra olunduğunu qeyd edən K.Hamada bu tədbirlər sırasında caz festivallarının, çay mərasimlərinin, oriqami, ikebana, kalliqrafiya və kimono sərgilərinin xüsusi yer tutduğunu vurğulayır.

Analitik yazıda 2020-ci ilin payızında baş verən Vətən müharibəsi nəticəsində Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etməsinin bir daha xatırladılması ilə yanaşı, münaqişənin hələ də davam etməsinin narahatlıq yaratdığı bildirilir. Buna misal olaraq sentyabrın 12-14-də Azərbaycanla sərhəddə Ermənistan tərəfindən törədilən təxribat nəticəsində gənc əsgərlərin həlak olmasının dərin kədər doğurduğu qeyd edilir. Vurğulanır ki, belə hallar beynəlxalq ictimaiyyəti də narahat edir.

Məqalənin sonunda Azərbaycanın həm öz enerji ehtiyatları, həm də Mərkəzi Asiyadan tranzit yolu ilə cəlb olunan enerji mənbələri hesabına hələ uzun müddət dünya ölkələri üçün mühüm enerji mənbəyi rolunu oynayacağını qeyd edən K.Hamada, Yaponiyanın da yaranmış bu imkandan istifadə edərək ölkəmizlə əlaqələri daha da inkişaf etdirəcəyinə əmin olduğunu vurğulayır.