YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Praqa görüşü ölkəmizin növbəti uğurudur

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

6 oktyabr 2022- ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Praqaya işgüzar səfəri zamanı keçirilən görüşlərdə bir daha ölkəmizin haqlı mövqeyi əsas müzakirə mövzusu oldu və Ermənistan növbəti dəfə Azərbaycanın irəli sürdüyü təkliflər əsasında sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etdi. Bu, Azərbaycanın daha bir diplomatik uğuru idi. Bu görüşün Bakının maraqlarına uyğun keçdiyini İlham Əliyevin dördtərəfli toplantıdan sonra Azərbaycanın televiziya kanallarına verdiyi müsahibə zamanı sülh prosesi barədə səsləndirdiyi fikirlərdən də aydın görmək olur. Dövlət başçısı müsahibə zamanı ümid etdiyini bildirir ki, tərəflər sülhə yavaş-yavaş yaxınlaşırlar. Məhz bu görüşlərin nəticəsi olaraq bir sıra mühüm razılaşmalar əldə edildi və dördtərəfli birgə bəyanat qəbul edildi. Qəbul edilmiş bəyanata əsasən Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır və bu da əlbətdə ki, Qarabağın ölkəmizin tərkib hissəsi kimi tanınması deməkdir. Görüşün müsbət nəticələrindən biri də sərhədlərin delimitasiyası və demarkasiyası komissiyasının və sülh müqaviləsinin hazırlanması üçün işçi qrupların fəaliyyət göstərilməsi vaxtlarının və müddətlərinin müəyyən olunmasıdır. Ermənistan Azərbaycanla sərhədə Avropa İttifaqının mülki missiyasının göndərilməsinə razılıq verib. Missiya öz işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. Ölkəmiz də bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya etibarlı mühitin yaradılmasına və sərhədlərin delimitasiyasına xidmət edəcəkdir. Sülh müqaviləsi imzalanmazdan öncə iki ölkə arasında sərhədlərin dəqiqləşdirilməsi mühüm məsələdir. Hətta qərara alındı ki, sülh müqaviləsi üzərində işləyəcək işçi qruplar bir gün ərzində görüş keçirməklə kifayətlənməməli, həm də bir neçə gündə bir yerdə işləyərək məsələləri uyğunlaşdırmalı və konkret nəticəni ortaya qoymalıdırlar. Belə olarsa ilin sonuna qədər sülh müqaviləsinin imzalanması reallaşa bilər və Cənubi Qafqaza, regiona uzun müddətli sülh gələ bilər. Bir sözlə, Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarında bütün proseslər ölkəmizin istəyinə uyğun reallaşır. Sülh danışıqlarının gündəmini müəyyənləşdirən İlham Əliyevin müstəqil diplomatiyası tam uğurlu nəticə verir. Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir və ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsi, münasibətlərinin inkişafı istiqamətində məqsədyönlü siyasət həyata keçirir.