YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə göz yumdu

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

“İşğalçılıq siyasəti yürütməklə Ermənistanın əsas hədəfi de-fakto vəziyyəti yerində dəyişmək və bununla Azərbaycanla danışıqlar prosesini sonsuz etmək idi.” Dövlət başçısı İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda bildirdi ki, məhz buna görə danışıqlar heç bir nəticə olmadan 28 il davam etdi. Nəticə faktiki olaraq sıfır idi.

Tarixi Zəfərimizdən iki il keçsə də istər 30 illik işğal, istərsə də 44 günlük İkinci Qarabağ müharibəsi dövrünün reallıqları geniş müzakirə olunur, Ermənistanın BMT qətnamələrinə məhəl qoymamasında, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik etməsində dünyanın ikili standartlara əsaslanan siyasəti əsas rol oynadı. BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə baxmayaraq Ermənistana sanksiyalar tətbiq edilmədi. Rəsmi Bakı ən yüksək tribunalardan bəyan etdi ki, ikili siyasətə son qoyulsun, BMT qətnamələrinin icrası üçün vahid mexanizm müəyyənləşdirilsin. Azərbaycanın bu çağırışı səsləndirməsini şərtləndirən amillər movcud idi. Ən əsası  bəzən bu qətnamələr 1-2 saat ərzində icra edilir, Azərbaycana gəldikdə isə 28 il gözlədik. “Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə müəyyən mənada göz yummağa qərar verdi” söyləyən dövlət başçısı İlham Əliyev qeyd etdi ki, ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar.

Yeri düşmüşkən qeyd edək ki, Azərbaycan 30 illik işğal dövründə  bütün beynəlxalq təşkilatların potensialından maksimum istifadə etmək istəyini ortaya qoydu. BMT Baş Assambleyasına müraciət edən rəsmi Bakı Qarabağda süni məskunlaşdırma faktının araşdırılması üçün  Faktaraşdırıcı Missiyanın yaradılması təşəbbüsünü irəli sürəndə  Ermənistan və ona dəstək verən bəzi dövlətlər bunu Minsk qrupunun  missiyasına müdaxilə kimi dəyərləndirdilər. Belə rəy yaratmağa çalışdılar ki, Azərbaycan qurumun vasitəçiliyindən imtina edir. Ümumiyyətlə, sülh danışıqlarının davam etdirilməsində maraqlı deyil.  Dövlət başçısı İlham Əliyev buna cavab olaraq bildirdi ki, Azərbaycan məsələnin həllində bütün beynəlxalq təşkilatların potensialından istifadə etməkdə qərarlıdır, bunun ATƏT-in Minsk qrupunun vasitəçiliyinə heç bir aidiyyəti yoxdur. ATƏT Faktaraşdırıcı Missiyasını yaratdı və işğal edilmiş ərazilərimizə göndərdi. Faktaraşdırıcı Missiya iki dəfə bu ərazilərdə oldu, süni məskunlaşma faktını təsdiqlədi, amma konkret addım atmaq zamanı gələndə bu siyasəti hansı tərəfin həyata keçirdiyini gizli saxlamağı daha məqsədəuyğun hesab etdi. Torpaqları işğal edilən Azərbaycandırsa, təbii ki, süni məskunlaşma siyasətini həyata keçirən işğalçı  Ermənstan olacaq.  İşğalçı 30 il adı ilə çağırılmadı, amma məsələnin ədalətli həllini tapacağına beynəlxalq səviyyədə inam yaratmağa çalışdılar.

28 il ATƏT-in Minsk qrupu fəaliyyətsizliyi ilə diqqətdə oldu. Missiyasını regiona nəticəsiz səfərlərdə görən qurumun həmsədrləri əsas məsuliyyətin tərəflərin üzərində olduğunu, bunun üçün özlərinin bir araya gəlməsinin vacibliyini qeyd etməklə məqsədlərini aydın şəkildə büruzə verdilər. Tərəflər özü bir araya gələ bilirdisə, ATƏT-in Minsk qrupunun vasitəçiliyinə ehtiyac var idimi?

Bu gün də qurumun vasitəçiliyinin bərpasına səy göstərilməsinə nə ehtiyac olduğunu bildiririk. Çünki münaqişə tarixə qovuşub, münasibətlərdə yeni səhifənin açılması üçün Azərbaycan sülh müqaviləsinin imzalanmasını Ermənistana təklif edib. Təcavüzkar ölkə bu şansdan bəhrələnməli, sülh müqaviləsinin imzalanması istiqamətində ciddi addımlar atmalıdır. Artıq keçmişlə deyil, gələcəklə yaşamaq zamanıdır. Ermənistan unutmamalıdır ki, Azərbaycan sülh təklifini yaşadığı bütün faciələrə, təxribatlara, itkilərə rəğmən təklif edib. Dövlətimiz, xalqımız heç nəyi unutmur, amma bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh gündəliyini təqdim etdi, əksər dünya gücləri bunu dəstəkləyir, reallığa çevrilməsi üçün səylərini əsirgəmirlər. Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməlidir.