YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşlı şəhidlərin xatirələri anılıb

Ağdaşda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullar İsmiyev Emil Elman oğlunun, Nəbiyev Yusif Elton oğlunun və Kərimli Nihat Teymur oğlunun şəhadətlərinin ildönümü ilə bağlı anım mərasimləri keçirilib.

Anım tədbirlərində Yeni Azərbayan Partiyası (YAP) Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin rəisi Nizami Heybətov, partiya fəalları, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər iştirak ediblər.

Şəhidlərin məzarları ziyarət olunub, üzərilərinə tər güllər düzülüb, ruhlarına dualar oxunub.

Qeyd edək ki, 2001-ci il avqustun 7-də Ağdaş şəhərində anadan olan Emil İsmiyev 2020-ci il oktyabrın 9-da Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

2002-ci il mayın 27-də Ağdaş rayonu Tatlar kəndində anadan olan Yusif Nəbiyev 2020-ci il oktyabrın 10-da Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

1996-cı il iyulun 8-də Ağdaş rayonu Ərəbocağı kəndində anadan olan Nihat Kərimli 2020-ci il oktyabrın 6-da Ağdam istiqamətində gedən döyüşlər zamanı şəhidlik məqamına ucalıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.