YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsinə ehtiram

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Hüseynzadə Həmidağa Bağı oğlunun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatları Cavid Osmanov, Məlahət İbrahimqızı, Səbinə Xasayeva və Ülvi Quliyev, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi Ramin Şükürov, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Firuzə Nadir, Yasamal RİH və YAP Yasamal rayon təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, partiya fəalları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə İkinci Fəxri xiyabanda şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Sonra tədbir iştirakçıları Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələrini ehtiramla yad ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

“Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Firuzə Nadirin müəllifi olduğu 44 günlük Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Həmidağa Hüseynzadənin əziz xatirəsinə həsr olunmuş sənədli film nümayiş edilib.

Nisə Rafiqqızının müəllifi olduğu şəhidin əziz xatirəsinə həsr olunmuş “Yol ver dağlar, yol ver gedim, Kəlbəcərə tələsirəm” adlı kitab haqqında tədbir iştirakçılarına məlumat verilib.

Yasamal RİH başçısı Elşad Həsənova bildirib ki, 44 günlük Vətən müharibəsindəki döyüşlərdə şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin, xalqımızın, dövlətimizin, şanlı ordumuzun şücaəti gənclərimiz üçün əsl vətənpərvərlik nümunəsi kimi tarixə qızıl hərflərlə yazıldı. Azərbaycan Ordusunun şücaəti sayəsində 44 günlük Vətən müharibəsində erməni silahlı birləşmələri, düşmən qüvvələrinin Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq xülyası tamamilə darmadağın edildi, Ali Baş Komandanın əmrinə hər an müntəzir dayanan hərbçilərimiz düşməni doğma torpaqlarımızdan qovdu.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov vurğulayıb ki, Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin edərək, tarixi ədaləti bərpa edə bildi. Silahlı Qüvvələrimiz işğal edilmiş əraziləri düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə apardı, böyük tarixi nailiyyətlərə imza atdı. Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qəti və dönməz iradəsi, Müzəffər Ordumuzun qəhrəmanlığı nəticəsində zəfərlə başa çatdı.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov qeyd edib ki, şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə Prezidentin həm birdəfəlik ödəmənin bütün şəhid ailələrinə verilməsi, həm də şəhid ailəsi üçün Prezident təqaüdünün aylıq məbləğinin artırması haqqında fərmanları, şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi göstərişləri dövlətimizin və dövlət başçımızın şəhid ailələrinə hər zaman göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir.

Sonra şəhid Həmidağa Hüseynzadəni təhsil aldığı orta məktəbin şagirdlərinin təqdimatında ədəbi-bədii kompozisiya təqdim olunub.

Çıxış edən 44 şəhidin atası Bağı Hüseynov göstərilən diqqətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Həmidağa Hüseynzadə Bağı oğlu ölümündən sonra “Qarabağ” ordeni və “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.