YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İrimiqyaslı infrastruktur layihələri bölgənin simasını dəyişdirəcək

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

“Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. İrimiqyaslı infrastruktur layihələr icra olunur”. Azərbaycan Respiblikasının Prezidenti İlham Əliyev bu fikirləri 5 oktyabr tarixində Ağdamda 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı “Azərbaycan Milli Şəhərsalma Forumu”nun açılış mərasimində çıxışı zamanı bildirmişdir. Əlamətdar hadisədir ki, “Azərbaycan Milli Şəhərsalma Forumu” 28 ildən sonra azad olunmuş Ağdamda keçirildi. Bu Forum şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmağı və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynamağı qarşısına məqsəd qoyub.

Prezident Forumdakı çıxışında deyir: “Ərazilər işğaldan azad edildikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri “urbisid qurbanı” idi, bu da tamamilə doğru idi. Digər ad “ruhlar şəhəri” idi, bu da tamamilə doğrudur. Biri də “Qafqazın Xirosiması” idi” Doğurdanda ikinci Qarabağ müharibəsi başa çatandan sonra işğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini öz gözləri ilə görür və şahidi olurlar. Erməni barbarlığı və vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, Azərbaycanın bu hissəsinə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Ermənilər həyata keçirdikləri vandalism aktları ilə bütün dünya birliyinə sübut edirlər ki, onlar mənəvi cəhətdən tamamilə deqradasiyaya uğrayıblar.

Amma Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunmasından qısa zaman keçməsinə baxmayaraq bölgənin yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq. 30 ilə yaxın işğal dövründə 300 mindən çox məcburi köçkün üçün yeni ev və mənzillər inşa olunmuşdur. Buna baxmayaraq artıq Böyük Qayıdış proqramı başlayıb. Həyata keçirilən infrastruktur layihələri sübut edir ki, maksimum iki ildən sonra Ağdamda, Laçında, Zəngilanda, Şuşada 10 minlərlə insan yaşayacaqdır. Təkcə Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalın kəndlərində bir neçə min insan yaşayacaqdır. Ağdam şəhərində min yerlik məktəb tikilir. Bir sözlə keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikilib. Bu günlərdə  Zəngilan Beynəlxalq Hava Limanını açılışı gözlənilir. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verilməsi planlaşdırılır. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlanacaq. İşğaldan azad olunmuş ərazilərdə bərpaolunan enerjinin potensialı on min meqavat təşkil edir. Artıq bir neçə su elektrik stansiyasının açılışı baş verib. Su elektrik enerjisinin ümumi gücü beş yüz meqavatdan çox olacaq. Yerdə qalan güc isə günəş və külək elektrik enerjisindən qaynaqlanacaq. Bu ərazi nəinki təkcə işğal illərində Azərbaycanın müxtəlif bölgələrində yaşamaq məcburiyyətində qalan insanları bir araya gətirəcək, eyni zamanda, gələcəkdə Azərbaycanın iqtisadiyyatı üçün aparıcı qüvvə olacaqdır.

Həmçinin, “Zəngəzur dəhlizi” nəqliyyat yolunun keçdiyi hər bir ölkədə yerli inkişafın stimullaşdırıcı faktoru kimi çıxış edəcək. Bu dəhliz ilk növbədə Türkiyə və Mərkəzi Asiya arasında yeni marşrutu ortaya çıxardı. Burada söhbət 1,1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Türkiyə Mərkəzi Asiya ilə bağlantısını yeni ölkələr vasitəsi ilə gerçəkləşdirməkdə maraqlıdır. Artıq uzun müddətdir ki, Gürcüstan-Azərbaycan vasitəsilə şimal istiqamətdən bunu təmin edən Türkiyə, analoji xəttin Ermənistan-Azərbaycan marşrutu üzrə cənub istiqamətində də əldə etmək məqsədindədir. Digər tərəfdən yeni dəhliz türk dünyası ölkələrinin Türkiyəyə diqqətinin artmasına gətirib çıxarır. Təbii ki, bu proses həm də Xəzər dənizində gəmi nəqliyyatının artmasında stimullaşdırıcı rol oynayacaq. İkincisi, Zəngəzur dəhlizinin gerçəkləşməsi regional siyasi konfiqurasiya çərçivəsində böyük önəm kəsb edən Azərbaycanın əsas ərazisi və Naxçıvan Muxtar Respublikası ilə alternativ keçid yaradacaq ki, bu da İranın Azərbaycan üzərindəki ən vacib rıçaqlarından olan “Naxçıvan tranziti” məsələsinin təsirini azaldacaq. Bundan əlavə, Zəngəzur dəhlizin Rusiya və Türkiyə arasında Gürcüstandan yan keçən yeni istiqamət təklif etməsi dəhlizin regional müstəvidə başqa bir əhəmiyyətli dəyişikliyidir.