YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əliabbas Salahzadə: Praqa görüşlərində Azərbaycanın milli maraqları təmin olundu

“Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləyir. Tarixi Zəfərimizdən sonra dünya siyasətində baş verən yeniliklər, keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə Azərbaycanın iştirakına verilən önəm, ümumiyyətlə, ikitərəfli və beynəlxalq təşkilatlarda əlaqələrin yeni prioritetlər üzrə inkişafına yönələn addımlar ədalətə və beynəlxalq hüquqa əsaslanan müstəqil siyasətimizin uğurlarının davamlılığından xəbər verir. Hazırda baş verən hadisələr Azərbaycanın müəllifi olduğu sülh gündəliyinin dəstəkləndiyinin təsdiqidir. Dövlət başçısı İlham Əliyev oktyabrın 6-da Avropa  İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə   “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək  üçün Praqada səfərdə oldu. Bu səfər Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin bugünkü inkişaf səviyyəsinə bir daha işıq saldı. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında vasitəçiliyini yüksək səviyyədə həyata keçirən Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığı yalnız enerji sektoru ilə bağlı deyil. Qurumla əməkdaşlığın önəmli istiqamətlərindən biri siyasi dialoqdur. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradılıb. Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün çox önəmlidir. Burada həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri nəzərdə tutulur. Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi və sərmayə qoyuluşu sahəsində də özünü göstərir.”

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkilinin sözlərinə görə, dövlət başçısı İlham Əliyevin yeni yaradılan beynəlxalq platformanın –“Avropa siyasi birliyi”nin Zirvə Toplantısında iştirak etməsi üçün edilən  dəvət ölkəmizin, Prezidentimizin  beynəlxalq aləmdə nüfuzunun təqdimatıdır. Cənab İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bununla bağlı suala cavabında bildirdi ki, Azərbaycanın bu tədbirə Avropa tərəfindən dəvət edilməsini, əlbəttə, yüksək qiymətləndiririk. Bu, yeni platformadır, müzakirələr təzə başlayıb. Hələ ki, bu təşəbbüsün gələcəyi ilə bağlı dəqiq bir şey demək mümkün deyil. Amma hər halda, Azərbaycanı həm Avropa İttifaqı tərəfindən, həm də tədbirin ev sahibi – Çexiya tərəfindən bu Avropa ailəsinə dəvət etmələri deməyə əsas verir ki, bizim əlaqələrimizin çox gözəl perspektivləri vardır.

Əliabbas Salahzadə qeyd edib ki, Prezident İlham Əliyev Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masada bir daha ölkəmizin xarici siyasətində önəm verdiyi prinsiplərə diqqət yönəltdi və dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn prinsiplərinin rolunu vurğuladı: “Ərazi bütövlüyü prinsipi əsasdır. Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsinin əsasını da 5 prinsip təşkil edir ki, onlardan biri dövlətlərin bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımasıdır.”

Millət vəkili diqqəti dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşünə, həmşinin  Prezident İlham Əliyevin Fransa  Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə 5 saatdan artıq davam edən və iki hissədən ibarət olan dörtərəfli görüşünə yönəldib: “Cənab İlham Əliyev ölkəmizin maraqlarını qətiyyətlə qorumaqda davam edir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət edəcək sülh müqaviləsinin imzalanması üçün  keçirilən görüşlərin hər birində Azərbaycanın mövqeyini dəstəkləyən Bəyanat imzalanıb. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən 4 görüş bu baxımdan xüsusi diqqət çəkir. Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü 5 prinsipi dəstəkləməklə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiqləyir. Keçirilən hər bir görüş Azərbaycanın diplomatik qələbəsi kimi dəyərləndirilir. Brüssel  görüşlərində Azərbaycanın mövqeyinə dəstəyi Praqa görüşündə də gördük. Danışıqların yekunu olaraq ölkəmizin maraqlarını təmin edən Birgə Bəyanatda Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Suverenliyi tanımaqla Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıyır. Sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsi razılaşdırıldı. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. Dövlət başçısı İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bir daha bildirdi ki, Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər.”

Əliabbas Salahzadə dövlət başçısı İlham Əliyevin Praqa səfəri ilə bağlı bu ümumiləşdirməni diqqətə çatdırıb ki, Azərbaycanın nüfuzu artıb: “Ölkəmizin gündəmə gətirilən məsələlərin müzakirəsində mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Praqada 5 saatdan artıq davam edən görüşlərdə ölkəmizin mövqeləri prinsipial olaraq təmin edildi və Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin qarşısı Prezident İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində alındı. Ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasət hər zaman öz sözünü deyir.”

DİGƏR Xəbərlər Arxiv