YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İllər və milyardlarla dollar vəsait lazımdır

Serbiyanın “RTS” radio-televiziya kanalı Azərbaycanın işğaldan azad olunan ərazilərindən reportaj hazırlayıb.

Reportajda Azərbaycanın 2020-ci ildəki müharibədə qalib gəlməsindən iki il sonra Qarabağda sakitlik hökm sürdüyü qeyd olunub.

Serbiyalı jurnalist vurğulayır: “İşğaldan azad edilən bölgəyə daxil olarkən bizi minalanmış ərazilər qarşılayır. Bu əraziləri minalardan təmizləmək üçün illər və milyardlarla dollar vəsait lazımdır”.

Bildirilib ki, cəmi bir neçə ay ərzində Füzuli şəhərində beynəlxalq hava limanı tikilib.

Reportajda 90-cı illərdəki müharibədən sonra azərbaycanlıların 30 il bu ərazilərdə yaşamadıqları, 2020-ci il müharibəsində işğal olunmuş ərazilər azad edildikdən sonra sakinlərin öz yurd-yuvalarına geri qayıtdıqları, burada qəsəbələr salındığı vurğulanır.

Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdəki Xüsusi Nümayəndəliyinin əməkdaşı Araz İmanov qeyd edib ki, 30 il əvvəl bu əraziləri tərk etməli olan insanlar Azərbaycanın hər yerində, Bakıda və başqa bölgələrdə yaşayırlar. İnsanlar öz yurd-yuvalarına qayıtmaq istəyirlər. Çünki ataları, babaları burada yaşayıb, məzarları var, evləri var. Baxmayaraq ki, onların çoxu dağıdılıb, minalanmış ərazilərdə qalıb. Lakin onlar bu ərazilər azad ediləndən sonra öz evlərini, hətta bağçalarındakı kəsilmiş ağacları da görməyə gəlirlər.

Reportajda bildirilib ki, Xocavənd rayonunun Edilli kəndində 90-cı illərdəki birinci müharibədə şəhid olmuş azərbaycanlı əsgərlərin olduğu məzar aşkar edilib. Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbə rəisi Nuranə Hüseynova deyib ki, Edilli kəndində 3 kütləvi məzarlıq aşkar olunub. Birinci və ikinci sahədə ümumi 6 skelet, üçüncü sahədə isə 12 skelet sümüyü aşkarlanıb. Skeletlər hərbçilərə aiddir. Üzərlərində paltarlar, ayaqlarında qara dəriyə bənzər çəkmələr var. Sümüklər müayinə üçün məhkəmə tibbi kriminalistika şöbəsinə göndəriləcək.

Qeyd olunub ki, ermənilərlə azərbaycanlılar arasında 2020-ci ilin son müharibəsi 44 gün davam edib və Azərbaycanın strateji əhəmiyyətli dağ şəhəri olan Şuşanın azad edilməsi ilə başa çatıb.

Tarixçi və yazıçı İsmayıl İsmayılov bildirib ki, Şuşa Azərbaycanın Qələbəsinin simvoludur. Tarix boyu o qala alınmaz olub. Ona görə də bura hər bir azərbaycanlı üçün çox vacibdir.