YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məcburi köçkünlər səbirsizliklə doğma yurda qayıdacaqları günü gözləyirlər

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

Son 30 il ərzində Ermənistan tərəfindən Qarabağda və Şərqi Zəngəzurda çoxsaylı yaşayış məntəqələri, məscidlər, tarixi abidələr dağıdılıb, məhv edilib. Yalnız Şuşa, Laçın və Kəlbəcərin müəyyən hissələrini yaşayış yeri kimi istifadə edən ermənilər, demək olar ki işğal edilən torpaqlarımızın bütün qarışında öz vandal hərəkətlərini nümayiş etdiriblər. Ermənistanın işğalı nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizlənməyə məruz qalıb.

Təəssüflə qeyd etmək lazımdır ki, dağıdıcılıq işləri ilə kifayətlənməyən ermənilər I Qarabağ müharibəsindən sonrakı dövrdə işğal edilmiş ərazilərdə nə az, nə çox 1 milyondan artıq mina basdırıblar. Elə bunun nəticəsi olaraq II Qarabağ müharibəsindən sonra bu günə kimi 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb.

Böyük Zəfərdən sonra çoxsaylı turistlər Şərqi Zəngəzur və Qarabağa səfər edərək həmin ərazilərlə tanış olub, erməni vandalizminin canlı şahidi olublar. Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətini bura cəlb edərək onların Azərbaycanın haqlı mövqeyinə laqeyd yanaşmamalı olduğunu nəzərə çatdırıb. Müharibədən sonra ATƏT-in Minsk Qrupu yenidən məsələnin həllinin öz vasitələri ilə aparılmasına çalışsa da Prezident İlham Əliyevin qətiyyətli mövqeyi ilə Minsk Qrupunun artıq bu məsələdə heç bir rolunun olmadığı bəyan edilib.

Qeyd etmək lazımdır ki, sülh istiqamətində bir neçə dəfə görüşlər, danışıqlar baş tutsa da hər dəfəsində Ermənistan rəhbərliyi bu məsələni uzatmağa çalışır. Ermənistandan fərqli olaraq Prezident İlham Əliyevin  “Qarabağ bölgəsində yaşayan erməni əhalisi ölkəmizin vətəndaşlarıdır” deməsi ölkə rəhbərliyinin sülh üçün necə çalışdığına nümunədir.

Bu bir reallıqdır ki, artıq məcburi köçkünlər öz doğma ata-baba torpaqlarına qayıtmaq üçün çox səbirsizlənir. Hər kəs öz el-obasına qayıtmaq istəyir. Sürətlə quruculuq və abadlaşdırma işlərinin aparılması bu məsələnin həllini daha da intensivləşdirir. Böyük Zəfərdən dərhal sonra başlanan quruculuq işləri böyük sürətlə davam edir. Artıq işğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərin qayıdıb yaşaması üçün bir çox işlər görülür. Tezliklə Qarabağ dünyanın ən abad və gözələ bölgələrindən birinə çevriləcək.