YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa ölkələri üçün önəm daşıyan ölkədir

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri 

Xarici siyasətində ikitərəfli əməkdaşlığı öndə saxlayan Azərbaycan hər zaman əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsinə maraq göstərir və bunu atdığı addımları ilə təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin sentyabrın 30-da Bolqarıstana rəsmi səfəri də bu kimi məqamların təqdimatında mühüm rol oynadı. İki dost ölkə arasında yalnız enerji deyil, digər sahələrdə də əlaqələrin inkişafı üçün geniş imkanların olduğu bildirildi və perspektivlər müzakirə edildi. “Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, strateji tərəfdaşlıq haqqında Bəyannamə yeddi il bundan əvvəl imzalanıb. Bu illər ərzində strateji tərəfdaşlıq bir çox sahələrdə özünü göstərir.

Hər bir səfər günün aktual məsələləri ətrafında fikir mübadiləsi aparmağı bir çağıraşa çevirir. Yeni qəbul olunan qərarların sonrakı dönəmdə həyatda öz əksini tapması münasibətlərin inkişafında öz sözünü deyir. Ölkələr arasında qarşılıqlı etimad mühitinin mövcudluğu əməkdaşlığın möhkəmlənməsində əsas faktordur. Azərbaycanla Bolqarıstan arasında bütün sahələrdə əməkdaşlığın təməlində səmimi münasibətlər dayanır. Bu əlaqələr çoxşaxəlidir. Təbii ki, xalqlarımız arasındakı tarixi bağlar da əlaqələrin təməlində dayanan mühüm amillərdəndir.

“Bu gün, əlbəttə ki, qarşılıqlı maraqlar üzərində qurulmuş o strateji tərəfdaşlıq yeni imkanlar açır” fikirləri ilə Azərbaycan-Bolqarıstan münasibətlərinin dünəninə baxış əsasında gələcəkdə əməkdaşlığın inkişafı barədə aydın təsəvvür yaradan dövlət başçısı İlham Əliyev bildirdi ki, enerji sahəsində başlanılan çox ciddi əməkdaşlığın böyük gələcəyi var. Keçirilən görüşlərdə müzakirə olunan mövzularla bağlı gələcəkdə praktiki addımlar atılacaq. Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa ölkələri üçün önəm daşıyan ölkədir. Azərbaycan üçün də Avropa, o cümlədən Bolqarıstan bazarı böyük maraq kəsb edir.

İkitərəfli əməkdaşlığın bütün sahələri əhatə etməsi yeni-yeni hədəflərə yol açır ki, bu da öz növbəsində səylərin birləşdirilməsi məsələsini aktuallaşdırır. Hər bir ölkə inkişaf modelini, təcrübəsini ortaya qoymaqla bu hədəflərə özünün töhfəsini vermək imkanlarını artırır. Bolqarıstan Prezidenti “Biz müzakirələrimizdə təkcə enerji məsələsi ilə kifayətlənmədik. Biz yeni imkanları, digər innovativ sahələrdə əməkdaşlıq imkanlarını axtaracağıq” söyləməklə hazırkı dövrün çağırışlarına da diqqəti yönəltdi. Bildirdi ki, hazırda bizim qarşımızda “yaşıl enerji”, karbon neytrallığı ilə bağlı müəyyən çağırışlar var. Bunun üzərində də çalışacağıq. Bununla yanaşı, gübrə istehsalını nəzərdə keçirdik. Avtomobil və ehtiyat hissələrinin istehsalı sahələrində böyük potensial var: “Biz bir yerdə, əl-ələ verərək bu sahələrdə də çalışa bilərik. Kənd təsərrüfatı, qida istehsalı, əczaçılıq da çox maraqlı sahələrdir. Digər vacib sahələr elm, təhsil və mədəniyyətdir. Bununla biz xalqlar arasında təmasları, mübadiləni gücləndirə, iqtisadiyyat, sərmayə sahələrində əməkdaşlığımıza yeni perspektivlər əlavə edə bilərik.”

Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 iliyi tamam olur. 30 il əlaqələrin dünəninə baxış əsasında qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsində böyük mənbədir. Bu illər ərzində xeyli sayda sənədlər imzalanıb. Əvvəldə də qeyd etdiyimiz kimi, 7 il əvvəl, 2015-ci ildə iki ölkə arasında strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin imzalanması əlaqələrin inkişafında hüquqi baza oldu. Bu gün artıq bu əlaqələrin yeni mərhələyə daxil olmasından bəhs edirik.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolunu nəzərə alsaq iki dost ölkənin enerji sahəsində əlaqələrinin gələcək inkişafı da hədəflər sırasında öndədir. Dünyanın enerji xəritəsini dəyişəcək Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də bunun çox böyük faydası olacaq. Həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalanmışdır. Dövlət başçısı bu statistik rəqəmləri də açıqladı ki, bu Memoranduma əsasən, növbəti bir neçə ildə Avropaya qaz ixracatımızı ən azı 2 dəfə artıracağıq və buna imkan var. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu  imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək. Bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir.

Ümumilikdə görülən və görüləcək işlər Azərbaycan-Bolqarıstan münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini təsdiqləyir. Dövlət başçısının səfəri əlaqələrin gələcək inkişafının təhlilinə, yeni prioritetlərin müəyyənləşdirilməsinə geniş imkan yaratdı.