YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan mühüm nəqliyyat mərkəzidir

Şəhla Abdullayeva

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri

Ölkəmizin yerləşdiyi coğrafi məkan dövlətlər, xalqlar arasında körpü rolunun möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Azərbaycanın iştirakçısı, həmçinin təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələri nəqliyyat dəhlizi kimi önəmini artırır. Uğurlu siyasəti ilə yeni dostlar, tərəfdaşlar qazanan ölkəmiz yeni əmkdaşlıq formatlarının müəllifi kimi də nüfuz qazanır. Bu günlərdə dövlət başçısı İlham Əliyevin Bolqarıstana rəsmi  səfəri zamanı keçirdiyi görüşlərdə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində  mühüm rol oynayacaq  Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində söylənilən fikirlər, gündəmə gətirilən məsələlər də Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna  işıq salır. Qeyd etdiyimiz kimi, bu uğurlar düşünülmüş və məqsədyönlü siyasətin, təkmil islahatların, Azərbaycanın  yeniliyə maraq göstərməsinin və tətbiqinin nəticəsidir. İnnovasiyalar ölkəsi kimi tanınan Azərbaycan bu yenilikləri bütün sahələrdə tətbiq edir.

Azərbaycanın enerji və nəqliyyat sektorunda qazandığı uğurlar göz qabağındadır. Dövlət başçısı İlham Əliyevin Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində qeyd etdiyi kimi, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyada hazırkı geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir. Təxminən iki ildir ki, Azərbaycan qazı Avropa bazarlarına çıxarılır və indi isə, o, Bolqarıstana daxil olur.

Tarixən neft ölkəsi kimi nüfuz qazanan Azərbaycan bu gün beynəlxalq aləmdə mühüm qaz ixracatçısı kimi tanınır. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə regional əməkdaşlığın aparıcı qüvvəsinə çevrilən Azərbaycan bu əlaqələrin coğrafiyasını  genişləndirməklə dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır. Artıq dünya Cənub Qaz Dəhlizinin perspektivlərindən danışır. Cənab İlham Əliyev sözügedən açılış mərasimində bir daha vurğuladı ki, Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur. Bu əminlik də ifadə olundu ki, yaxınlarda Azərbaycan Avropa üçün etibarlı elektrik enerjisi təchizatçısına çevriləcək. Külək enerjisi sahəsində təkcə Xəzər dənizində təsdiq edilmiş potensialımızın həcmi 157 qeqavatdır. Hazırda avropalı tərəfdaşlarla enerjinin Avropa qitəsinə çatdırılması barədə müzakirələr aparılır.

Prezident İlham Əliyevin əsas diqqət göstərdiyi məsələlərdən biri də hazırkı  yeni geosiyasi vəziyyətdə nəqliyyat təhlükəsizliyi məsələsi oldu.  “Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaratmışdır, - dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı, - bütün bu infrastruktur obyektləri bir məqsədi güdür ki, Azərbaycan üzərindən tranzit yüklərin həcmi artsın. Bu il bu yüklərin həcmi təqribən 50 faizə yaxın artmışdır. Gələcəkdə bu rəqəm daha da böyük olacaq. Ona görə Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaqlar” söyləyən dövlət başçısı Azərbaycanın nəqliyyat mərkəzi kimi möhkəmlənən mövqeyini şərtləndirən amillərə diqqəti yönəltdi.

Ümumilikdə hər bir ölkənin inkişafında yol infrastrukturunun rolunu nəzərə alsaq, bu gün bu fikri böyük əminliklə qeyd edə bilərik ki, yol-nəqliyyat sistemimiz beynəlxalq standartlara cavab verir. Yol infrastrukturunun təkmilləşdirilməsi ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Qeyd etdiyimiz kimi, Azərbaycan bu gün iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir. Bolqarıstan Prezidenti Rumen Radevin “Prezident Əliyevə təşəkkür etmək istərdim ki, o, öz vədinə sadiq qaldı və biz Bakıdan Sofiyaya birbaşa uçuşlar təşkil edirik. Ümid edirəm ki, biz turist axınını gücləndirəcəyik. İnanıram ki, pandemiya tam başa çatandan sonra bu uçuşlar fəal və intensiv olacaq” fikirləri də Azərbaycanın əlverişli nəqliyyat mərkəzi olduğunu, hər bir təşəbbüsü reallığa çevirdiyini  təsdiqləyir.

Dövlət başçısı İlham Əliyev Bolqarıstanın aparıcı biznes dairələrinin nümayəndələri ilə görüşündə bir daha diqqəti enerji və nəqliyyat sahələrinə yönəldərək bildirdi ki, bu sahələr qarşılıqlı əlaqələrimiz, regional inkişaf üçün çox mühümdür. Bolqarıstan ilə Azərbaycan arasında dostluq münasibətlərini nəzərə alaraq biznes cəmiyyətlərimiz üçün qarşılıqlı layihələrdə iştirak etməyin əsl zamanıdır.

Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq münasibətləri bütün sahələri əhatə edərək yeni mərhələyə daxil olub. Bolqarıstan Prezidentinin qeyd etdiyi kimi, Azərbaycan bu ölkə üçün etibarlı və sınanmış tərəfdaşdır.